İspaniya tribunalı Ekvatorial Qvineya prezidentinin oğullarından biri, prezidentin dövlət katibi və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Karmelo Ovono Obianqı və digər iki məmurun həbsinə order verib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, onlar müxalifət üzvlərinin oğurlanması və onlara işgəncələr verilməsində şübhəli bilinirlər.

İspaniya tribunalının press-relizində qeyd edildiyi kimi, orderlər həm də ölkənin daxili təhlükəsizlik naziri Nikolas Obama Nçamaya və Prezidentin Təhlükəsizlik İdarəsinin baş direktoru İsaak Nqema Endoya qarşı yönəlib.

İspaniya ədliyyəsi kəşfiyyat rəhbərini və daha iki yüksək vəzifəli məmuru 2023-cü ilin yanvarında ölən İspaniya vətəndaşı Xulio Obama Mefuman da daxil olmaqla, dörd siyasi rəqibin oğurlanması və işgəncəyə məruz qalmasında əli olduğundan şübhələnir. Ekvatorial Qvineyanın müxalifət hərəkatı onun Afrika ölkəsində həbsxanada işgəncələrə məruz qaldığını və öldüyünü iddia edir. Malabo hökuməti onun xəstəlik nəticəsində xəstəxanada öldüyünü bildirib. 

Bundan əlavə, Ekvatorial Qvineya prezidentinin böyük oğlu, 2012-ci ildən ölkənin vitse-prezidenti vəzifəsində çalışan Teodoro Nqema Obianq Manqe 2021-ci ilin iyulunda Böyük Britaniyada mühakimə olunan şəxslərin sanksiya siyahısına daxil edilib. Buna cavab olaraq Ekvatorial Qvineya Londondakı səfirliyini bağlayıb.

Nuranə Abbasova