"Universitetlərin qarşısında dönər satılır. Qiyməti 1,5 manata və üzərində də ayran verilir. Bu dönərxanalar əti haradan və neçəyə alırlar?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kamilə Əliyeva deyib.

"Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir. Bundan başqa, dönərin çörəyi və ətin tərkibinə vurulan inqridentlər qiyməti də var. Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur", - deyə MM üzvü bildirib.

Deputat qeyd edib ki, dönərdən zəhərlənmə halları olur və bu sahəyə nəzarət gücləndirilməlidir. 

K.Əliyeva eyni zamanda iri marketlərdə satılan konfet və şokoladların istifadə tarixlərinin düzgün göstərilmədiyindən narazılıq ifadə edib. O, təəssüf hissi ilə vurğulayıb ki, ən böyük marketlərdə kiloqramı 6 manatdan 70 manata qədər olan konfet və şokoladlar qablaşdırılmadan rəflərə yığılır və üzərinə nə istehsal, nə də istifadə müddətinin bitmə tarixi yazılır.

“Rəhbərliyə bu barədə irad bildirəndə isə içəridən hər hansı qutu gətirib üzərindəki tarix barədə məlumat verir. Bəzən də olur ki, alınan şokoladları iki yerə böləndə içərisindən həşərat çıxdığının şahidi oluruq. Buna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etməlidir. Həmçinin market sahiblərinə xüsusi göstəriş verilməlidir”.

Anar Kəlbiyev