Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.
"Unikal" xəbər verir ki, “Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən “qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.
Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu matç Kaxaber Sxadadzenin “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra ilk oyunu olub.