7 oktyabr 2023-cü ildən Qəzzaya hücumlarını davam etdirən İsrail bölgəni qan gölünə çevirib.

"Unikal" xəbər verir ki, İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 30 mini, yaralıların sayı isə 70 mini keçib.

Digər tərəfdən İsrail və HƏMAS arasında atəşkəs razılaşması üçün danışıqları davam etdirilir. Yardım təşkilatları Qəzzada "aclıq həyəcanı" barəsində xəbərdarlıq ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratoru Samanta Pauer də Qəzzada vəziyyətin pisləşdiyini əsas gətirərək "X" sosial şəbəkəsində, “həyati ehtiyac duyulan humanitar yardımın kəskin şəkildə artırılması üçün İsrail daha çox keçidlər açmalıdır. Bu, ölüm-dirim məsələsidir", - yazıb. 

Xatırladaq ki, 145 gündür davam edən İsrail-HƏMAS müharibəsində Misir, Qətər və ABŞ-dən olan vasitəçilər İsrailin hücumlarda altı həftəlik fasilə verməsini istəyir. Danışıqçılar ümid edirlər ki, atəşkəs müsəlmanların müqəddəs Ramazan ayının başlamasına qədər həyata keçirilə bilər.

Gülayə Mecid