"Vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. Məsələn, keçmiş icra başçısının sərəncamı əsasında torpaqlar verilib, yeni başçı və yaxud məmur baxır ki, bu torpaq istifadəsizdir, ya onun sahibi xaricdə olduğu üçün istifadə etmir. Görürlər ki, sahibi yoxdur,  sərəncam dəyişdirilir və başqa şəxsə satılır. Problem ortaya çıxanda isə təkrarən həmin şəxsə satılır. Bu hallar olmalı deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, qalib Azərbaycanın məmurları dəyişməlidir:

"Vətəndaşların hüquqları bu məsələdə pozulmalı deyil. Bu istər-istəməz vətəndaşları bizə qarşı soyudur. Bu məsələləri lazımi dairələrə çatdırmaq lazımdır ki, məmurlar qorxub çəkinsinlər. 7-8-i həbs olundu, təəssüflər olsun ki, bəs etmir, bu yolu davam etdirirlər. Bu bizə yaraşmır, dəyişməliyik".

Anar Kəlbiyev