Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün öz platformasını təklif edir. 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada davam edən diplomatik forumda deyib. 

"Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişafında maraqlıdır və etibarlı qonşularına danışıqlar üçün öz platformasını təklif edir", - deyə diplomat qeyd edib. 

Onun sözlərinə görə, Tiflis üçün regionda sülh vacibdir və gürcü tərəfi İrəvan və Bakının razılığa gələcəyinə və bundan hər iki tərəfin faydalanacağına ümid edir: "Gürcüstan Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud olan müəyyən çətinlikləri görür, başa düşür və nəzərə alır. Bu məqsədlə Tiflis əvvəllər sülhsevər qonşuluq təşəbbüsü ilə çıxış etmiş və danışıqların aparılmasında iki ölkəyə öz dəstəyini təklif etmişdi. Bizim üçün aydındır ki, əməkdaşlığı davam etdirməliyik və yan oyunçuları arenamıza buraxmamalıyıq. Regionda sülhə alternativ yoxdur, ona görə də Tbilisi danışıqları və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir".

Gürcüstan xarici işlər nazirinin müavini həmçinin xatırladıb ki, Tbilisi Ankara və Bakı ilə ənənəvi strateji əlaqələrin inkişafında maraqlıdır: "Bir neçə ay əvvəl biz Ermənistanla münasibətlərimizi yenilədik, onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq və inanırıq ki, bu, regionda əməkdaşlıq prosesinə böyük töhfə verəcək".

Ağarza Elçinoğlu