Cinayət hadisəsini törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki Ceyhun Rzayev hadisədən sonra kimyəvi məhlul içərək intihar etməyə cəhd etmiş və o müalicə olunması üçün polis müşayiəti ilə xəstəxanaya yerləşdirilmişdi.

***23:06

1976-cı il təvəllüdlü şəxs (kişi cinsli) sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Bu barədə "Unikal"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib. Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.

*** 19:10

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Şəhər prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

*** 18:57

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

Araşdırma aparılır.