““Qarabağ”la görüş bizim üçün asan olmayacaq”.
"Unikal" xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” (Leverkuzen) komandasının baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ”la keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, azarkeşlərinin qarşısında yaxşı oyun nümayiş etdirmək istədiklərini bildirib: “Futbolçularım yaxşı istirahət edib. Bu matça tam olaraq hazırıq. Sabah yüksək səviyyəli oyun sərgiləyib mərhələni adlamaq istəyirik. Qarşıdakı aylarda bizi sıx qrafik gözləyir. Üç yarışda da iddiamız davam edir. Fikrimcə, futbolçularım buna hazırdır”.
Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.