Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxs Vüsal Əlizadə vəsatətlə çıxış edib. O, məhkəmə prosesinin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəyib.
Onun sözlərinə görə, bəzi media nümayəndələri məqalələri qərəzli yayımladığı üçün ictimaiyyət nümayəndələri arasında onlar haqda mənfi rəy formalaşır.
Hakim Fikrət Əliyev isə öz növbəsində hazırlıq iclasında məhkəmə istintaqının açıq aparılması barədə qərar verdiklərini bildirib.
Proses şahid qismində dindirilən Murad İmanovun ifadəsi ilə davam edib. Şahid hazırda özəl sektorda çalışdığını və ordu sıralarından təxris edildiyini bildirib:
“Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidməti rəisi vəzifəsində çalışmışam. İşlədiyim dövrdə bəzi maliyyə pozuntularına yol vermişik. Bizi heç kim heç nəyə məcbur etməyib. İdarə rəisimiz Nizami Məmmədovun bu məsələdən xəbərinin olub-olmadığını bilmirəm. Artıq yazılan vəsaitlərin 20 faizini maliyyələşməyə, 30 faizini təftişə, 10 faizini də Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmət rəisinə vermişəm. Yerdə qalan 40 faiz isə mənə qalıb. Ümumilikdə işləyim hərbi hissələrdə 265 min manat mənimsəmə olub. O puldan 130 min manat mənə çatıb. Dəymiş zərərdən hələ heç nə ödəməmişəm. Dəymiş ziyanı yaxın zamanlarda mütləq ödəyəcəm”.
Dövlət ittihamçısının suallarına cavab verən şahid deyib ki, onun əvvəl rəisi Elmin Poladov, daha sonra isə Vüsal Əlizadə olub:
“Təftiş və maliyyələşmə üçün ayrılan pulu rəislərimə çatdırırdım, onlar özləri adiyyəti adamlara verirdilər. Çalışdığım müddətdə 15-16 nəfərin adına “ölü kartlar” açılıb. Həmin ölü kartlardan gələn pullarıda korporativ kartıma köçürmüşəm”.
Məhkəmədə daha sonra şahid qismində Vüqar Qurbanov ifadə verib. Şahid bildirilib ki, işlədiyi hərbi hissədə 92 min manat mənimsəmə faktı qeydə alınıb və ona 59 min manat pul çatıb:
“İstintaq dövrü verdiyim ifadələri təsdiqləyirəm. Hamı kimi biz də bu cür işləmişik. Hazırda ordudan təxris olunmuşam. Mənə çatan puldan 25 min manatını dövlət büdcəsinə ödəmişəm, qalan pulu da ödəyəcəyimə söz verirəm”.
Növbəti şahid Elxan Yusubov isə qeyd edib ki, iki hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb:
“Çox qısa bir dövr bu sistemlə çalışmışam. İş üzrə mənə çatan 17 min manat olub, onu da istintaq dövründə geri qaytarmışam”.
Uzun illərdir maliyyə xidməti rəisi vəzifəsində çalışan Təyyar İmanov ifadəsində iki hərbi hissədə maliyyə xidmətinin rəisi olan zaman maliyyə pozuntularına yol verdiyini bildirib:
“Birinci hərbi hissədə aparılan təftişlər nəticəsində 835 min manat, ikinci hərbi hissədə aparılan yoxlamalar zamanı isə 930 min manat mənimsəmə aşkar edilib. O məbləğlərdən maliyyələşmə və təftişin pullarını rəisim Rövşən Əliyevə vermişəm. İki hərbi hissədən mənə ümumilikdə 500 min manata yaxın pul mənə çatıb. Hələ ki, dəymiş ziyandan ödəyə bilməmişəm. Lakin evimi satışa qoymuşam, yaxın günlərdə ödəyəcəm”.
Prosesin bu yerində təqsirləndirilən Cəlal Kazımov replika ilə çıxış edərək şahidin düzgün danışmadığını bildirib:
“İkinci yoxlaman zamanı Rövşən Əliyev dünyasını dəyişmişdi. Yəqin sən ölülərə xüsusi kanal tapıb, pul göndərmisən”.
Təyyar İmanov isə ikinci yoxlama zaman Rövşən Əliyevin olmadığını təsdiqləyib.
General Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə hərbi hissələrin maliyyə xidmət rəislərini dövlətə vurulan ziyanı ödəməyə çağırıb:
“Artıq 3 ilə yaxındır bu cinayət işi üzrə tutulanlar var. Siz öz vurduğunuz ziyanı ödəməlisiz ki, burada həbsdə olan şəxslərə də kömək olsun. Çünki hər bir mənimsəmə epizodu üzrə müvəkkilim barəsində ittiham verilib”.
Prosesdə Hərbi Hava Qüvvələrində maliyyə xidmətinin rəisinin köməkçisi olmuş Fərid Qulaviyev də dindirilib. Şahid bildirib ki, təqsirləndiriləndən Cəlal Kazımov onun rəisi olub:
“Köməkçi kimi Hərbi Hava Qüvvələrində iki rəislə çalışmışam. Onlardan biri də Cəlal Kazımov olub. Rəis görülən işlərdən mənə faiz verib. Ümumilikdə maliyyə pozuntuları ilə bağlı mənə 122 min manat pul çatıb. Onu da istintaq dövrü dövlət büdcəsinə geri qaytarmışam”.
Məhkəmədə Quru Qoşunların maliyyə idarəsinin rəisinin köməkçisi işləmiş Elmin Bəyəndikli də ifadə verib. O, ifadəsində maliyyə pozuntularından danışıb:
“Smeta üzrə ödənişlərinin hamısı mənim kartım vasitəsilə çıxarılıb. Dəfələrlə rəislə bu barədə problemlərimiz olub. Görülən işlərə etiraz edirdim. Mən burada işləmək istəmədiyimi ona da bildirmişəm. Bütün əməliyyatların icrası ilə bağlı rəisin tapşırıqlarını icra etmişəm. Nə qədər pulun mənimsənildiyindən xəbərim olmayıb. Hər ay rəis əlavə olaraq mənə 1000-1500 manat pul verib. Ümumi olaraq istintaq dövründə 30-35 min manat zərər vurduğum hesablanıb. Həmin məbləği də dövlət büdcəsinə qaytarmışam”.
Bu zaman təqsirləndirilən Bayram Bayramov şahidin ifadəsinə etiraz edib:
“Bu adam ağ yalan danışır. Aylıq hər köməkçimə 5 min manat vermişəm. Bu ona da razı olmurdu. Bunu Rəfail Xələfov da yaxşı bilirdi. Bütün pullar Elminin adına gəlirdi deyə, sonrada faizlə işləməyə başladı. Qalan pulun 10 faizi Elminə çatıb. Burada gözünün içinə qədər yalan danışır. Elmin məndən qabaq Süleyman Abbasovla leytenantlıqdan işləyib. Onun da istintaqda üzünə durdu ki, pul verməyib. Halbuki, Süleyman hara gedirdi bunu özü ilə aparırdı”.
Elmin Bəyəndikli isə keçmiş rəisinin dediklərinin doğru olmadığını qeyd edib:
“Mənə o boyda pul verilməyib, hətta elə olub ki, cibimdən bəzi xərcləri ödəmişəm”.
Bayram Bayramov isə şahidinin dövlətə vurduğu ziyanı tam ödəməyə çağırıb: “Mən öz üzərimə düşəni ödəməliyəm, siz də öz üzərinizə düşəni. Necə olur ki, o biri köməkçi hər ay 5 min manat aldığını deyir, ona pul vermişəm, sənə yox?”
Prosesdə Ali Hərbi Məktəbin maliyyə xidmət rəisi işləmiş Fuad Xəlilov da ifadə verib. O, işlədiyi dövrdə müxtəlif hərbi hissələrdə maliyyə pozuntuları zamanı ona 3 milyon 300 min manat çatdığını, həmin məbləğdən isə 2 milyon 380 min manatı dövlət büdcəsinə qaytardığını bildirib. Qeyd edək ki, Fuad Xəlilov Müdafiə Nazirliyi Kadrlar Baş idarəsinin rəisi Elçin Xəlilovun qardaşıdır.
Prosesin növbəti mərhəlsində digər hərbi hissələrdə maliyyə xidmətlərinin rəisləri işləmiş bir neçə şəxs də dindirilib.
Məhkəmə prosesi aprelin 5-də davam etdiriləcək.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Azər İsrafilov