"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində üz-üzə gəldikləri "Bayer Leverkuzen" ilə oyunlardan danışıb.
"Unikal" xəbər verir ki, evdə heç-heçə etdiyi (2:2) Almaniya klubuna səfərdə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran Ağdam təmsilçisinin rus qolkiperi fikirlərini "YouTube" üzərindən yayımlanan "C&C Show" kanalına bölüşüb:
"Oyunların necə keçdiyini nəzərə alsaq, üzücü və ağrılıdır. Hər iki görüşdə iki top fərqi ilə öndə olduğumuz halda, üstünlüyü əldən verdik. Əlbəttə, çox ağrılıdır. Karyeramda belə dramatik oyunlar olmayıb. Keçmişdəki heç bir oyunu bu görüşlərlə müqayisə etmək olmaz. İndi toparlanmalıyıq. Artıq hər şey keçmişdə qalıb. Təhlillər aparmalı, son dəqiqələrdə buraxılan qollar zamanı harada səhv etdiyimizi müəyyənləşdirməliyik. Bu, futboldur".