Əfqanıstan sərhəd qoşunları Pakistanın hərbi hava qüvvələrinin reydlərinə cavab olaraq iki ölkənin sərhədində yerləşən Pakistan hərbi bazalarını atəşə tutub.

"Unikal" xəbər verir ki, bu barədə radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətindəki Müdafiə Nazirliyinin nümayəndəsi İnayətullah Xarəzmi məlumat verib.

O, "X" şəbəkəsində yazıb: "Bu səhər Pakistanın döyüş və kəşfiyyat təyyarələri yenidən Əfqanıstana daxil olub və yaşayış binalarını bombalayıb. Bu hücuma cavab olaraq, sərhəd qoşunları xəyali xətt üzrə Pakistan hərbi bazalarını ağır silahlardan atəşə tutublar".

Xarəzmi vurğulayıb ki, Taliban “istənilən təcavüzkar hərəkətlərə cavab verməyə hazırdır” və istənilən şəraitdə Əfqanıstanın “ərazi bütövlüyünü müdafiə edəcək”.

***13:05

Pakistan Hərbi Hava Qüvvələri “Pakistan Taliban Hərəkatı” radikal qruplaşmasının Əfqanıstandakı sığınacaq və düşərgələrinə hava zərbələri endirib. 

"Unikal" xəbər verir ki, bu barədə "The Khorasan Diary" məlumat yayıb.

Məlumata görə, hava zərbələri Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Ləman və Pasa Mella yaşayış məntəqələrini hədəfə alıb. 

İslamabad və Kabil arasında münasibətlər faktiki olaraq dondurulub, çünki hazırkı Əfqanıstan hakimiyyəti Pakistanda terror aktlarının təşkilinə görə məsuliyyət daşıyan “Təhrik-i-Taliban Pakistan” ekstremist qruplaşmasına dəstəyi dayandırmaqdan imtina edir. Qrup Pakistanda “İslam sistemi” qurmağa çalışır. 

Ağarza Elçinoğlu