"İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası baş tutdu. Burada müəyyən məsələlər müzakirə olundu".
"Unikal" xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib.
O, milli assosiasiya rəhbəri seçildikdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri vəzifəsindən getdiyini bildirib:
"Azərbaycan futbolunun inkişafı üçün vaxt və infrastruktur lazımdır. Əlimizdən gələni edəcəyik ki, daha böyük nəticələr qazanaq. Uşaq futbolunun inkişafına, azarkeşlərin stadionlara cəlb olunmasına çalışacağıq. Buna görə də yeni plan hazırlayacağıq".
Onun sözlərinə görə, istənilən layihəni həyata keçirmək üçün maliyyə önəmlidir: "Vəsaitin dövlətdən deyil, özəl şirkətlərdən gəlməsini tənzimləmək istəyirik. Bunun üçün birgə fəaliyyət göstərmək önəmlidir".
R. Nəcəf Azərbaycan millisinə yeni baş məşqçi seçimi barədə də danışıb: "Bunun üçün ötən ilin dekabrında komissiya yaradılmışdı. Yeni İcraiyyə Komitəsi köhnə komitənin işlərini rəsmiləşdirəcək. Yığmada yerli və ya əcnəbi mütəxəssisin olması fərq etmir. Əsas odur ki, ölkə futboluna fayda verəcək şəxs olsun".