İranın Sistan və Bəlucistan əyalətlərinin Çabahar və Rask şəhərlərindəki polis məntəqələrinə silahlı hücum edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, terrorçuların hücumları nəticəsində 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. 

“Axşam saat 22 radələrində terrorçular Çabaharda bir neçə polis məntəqəsinə hücum ediblər. Qüvvələrimizin və hüquq-mühafizə orqanlarının köməyi ilə onların hücumu dəf edilib, bəziləri ölüb və yaralanıb. Təəssüflər olsun ki, 3 döyüşçümüz şəhid oldu", - deyə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti bildirib.

Rask şəhərində də polis bölməsinə girmək cəhdinin qarşısı alınıb.

Hücuma görə məsuliyyəti əsasən İranın Əfqanıstan və Pakistanla sərhədinin yerləşdiyi cənub-şərqində fəaliyyət göstərən “Ceyş əl-Adl” terror qruplaşması öz üzərinə götürüb.

Ağarza Elçinoğlu