Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü işlər görülür. 2026-cı ilin 25 may tarixində Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, həmçininAzərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Respublika Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı bir daha onu söyləməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
"Unikal" xəbər verir ki, iyunun 5-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sözügedən Dövlət Proqramının icrasından irəli gələn məsələlərə həsr olunmuş kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı müşavirə keçirilib. 
Müşavirədə qarşıda duran vəzifələrdən, istehsal olunan məhsulların həcminin artırılmasından, sahibkarlara göstərilən dövlət qayğısından, taxıl biçininə hazırlıq işlərinin mövcud vəziyyətindən, biçinin vaxtında və itkisiz başa çatdırılmasından, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasından, heyvandarlığın inkişafı istiqamətində görüləcək işlərdən, mövsümü suvarılmanın təmin edilməsindən və s. məsələlərdən söhbət açılıb.  
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, 43 nəfər kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkar, fermer, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov və mərkəzin məsul əməkdaşları, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Alı Hüseynov, Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları, "Aqroservis" ASC-nin Şəmkir Rayon Nümayəndəliyinin Qazax rayon bölməsinin rəhbəri Murad Nəsibov, Qazax Rayon Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Faiq Bəkirov, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) sədrləri, KİV nümayəndələri iştirak ediblər. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri ölkə başçısının sədrliyi ilə mayın 25-də keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı səslənən fikirlərin, qarşıya qoyulmuş məqsədlərin hər kəs üçün bir yol xəritəsi olduğunu, bölgələrdə kənd təsərrüfatının inkişafı üçün hər bir sahibkarın töhfə verməli olduğunu bildirib. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində son illər əkin sahələrində xeyli sayda artım olmuşdur. Rayon rəhbəri bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan icra başçısı statistik rəqəmləri diqqətə çatdırıb. Son 10 ildə 3336,87 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 1773,55 km-nin texnika, 1563,32 km-nin əl əməyi ilə həyata keçirildiyini vurğulayıb. Rayon rəhbəri əkin sahələrinin suvarılmasında subartezian quyularının əhəmiyyətini vurğulayaraq hazırda rayonda 214 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu diqqətə çatdırıb. 
Sudan istifadə birliklərinin fəaliyyətindən söz açan rayon rəhbəri vətəndaşların suvarma ilə bağlı müraciətlərinə daim həssas yanaşmalı olduqlarını qeyd edib. “Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də sudan qənaətlə istifadə olunmasının vacibliyini dərk edərək bu sahədə olan tədbirlərə əməli işlərimizlə dəstək olmalıyıq”, - deyən icra başçısı vətəndaşlara bununla bağlı aidiyyəti şəxslər tərəfindən məlumat verilməli olduğunu qeyd edib. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük” fikrinin hər birimizə örnək olduğunu söyləyib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyindən söz açıb. Bunun üçün kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək keçirilən müşavirənin əhəmiyyətindən söz açıb. E.Vəkilov 2026-cı ilin məhsulu üçün 6950,0 hektarı arpa, 4782,8 hektarı buğda olmaqla, 11732,8 hektar sahədə taxıl səpininin aparıldığını bildirib. Həmçinin, 1350,0 hektar sahədə kartof əkildiyini vurğulayıb. Bu il artıq onbirinci ildir ki, Qazaxda ipəkqurdu bəslənildiyini, 2025-ci ildə rayonda barama yetişdirən kümçülər tərəfindən 1200 kq yaş baramanın istehsalı nəzərdə tutulduğu halda planın artıqlaması ilə yerinə yetirildiyini, kümçülər tərəfindən 1455,8 kiloqram barama məhsulunun "Azəripək” MMC-yə təhvil verildiyini qeyd edib. 2026-cı ilin barama mövsümü üçün kümçülər tərəfindən 2000 kq yaş baramanın istehsalının nəzərdə tutulduğunu diqqətə çatdırıb. E.Vəkilov taxıl biçini ilə bağlı hazırlıq işlərinin mövcud vəziyyəti barədə məlumat verərək biçinə tam hazır olduqlarını, hazırda biçin üçün rayonda 28 ədəd kombayn olduğunu, 30 ədəd kombaynın isə digər rayonlardan dislokasiya olunacağını diqqətə çatdırıb.  
Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Alı Hüseynov çıxış edərək hazırda rayonda suvarılan əkin sahələrinin suvarılması üçün tutumu 120 mln olan “Ağstafaçay” su dəryaçasında hazırda 98,70 mln, tutumu 20 mln olan “Coğazçay” su dəryaçasında hazırda 19,0 mln, tutumu 2,6 mln olan “İncəçay” su dəryaçasında hazırda 2,2 mln su olduğundan builki mövsümü suvarmada hər hansı bir problemin olmadığını bildirib. Əkin sahələrinin suvarılmasında subartezian quyularının əhəmiyyətini vurğulayaraq hazırda rayonda 214 ədəd subartezian quyusunun da sakinlərin istifadəsində olduğunu diqqətə çatdırıb. 
Sahibkar Anar Zeynalov çıxış edərək ölkəmizdə sahibkarlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü müşavirəni onlara göstərilən növbəti dövlət qayğısı kimi qiymətləndirib. A.Zeynalovun quşçuluq sahəsinin inkişaf etdirilməsi ilə bağlı fikirləri, təklifləri dinlənilib, ona bu sahə ilə bağlı biznes planını hazırlaması tövsiyə edilib.
Sahibkar Məhərrəm Əliyev də öz növbəsində razılığını ifadə edərək bugünkü müşavirəyə görə minnətdarlıq edib. O, heyvandarlıq sahəsinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini, təkliflərini dilə gətirib. Ona da bu sahə ilə bağlı biznes planını hazırlaması tövsiyə olunub.   
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.