Magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının üzərində və mühafizə zonalarında fərdi yaşayış evləri və obyektlərin tikintisi yolverilməzdir. Bu cür hallar içməli və tullantı su təchizatı sistemlərinin istismarını, baş vermiş qəzaların aradan qaldırılmasını çətinləşdirir, eyni zamanda tikililər üçün ciddi problemlərə səbəb olur.
"Unikal" xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Köhnə Günəşli yaşayış massivində kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında tikilmiş fərdi yaşayış evləri baş vermiş qəzanın aradan qaldırılmasında ciddi çətinliklər yaradıb.
Ötən əsrin 80-ci illərində inşa edilmiş Günəşli kanalizasiya kollektoru Əhmədli qəsəbəsi və Köhnə Günəşli yaşayış massivində formalaşan tullantı sularının Hövsan Aerasiya Stansiyasına yönləndirilməsini təmin edir. Ötən əsrin sonlarında və 2000-ci illərin əvvəllərində kollektorun mühafizə zonası vətəndaşlar tərəfindən zəbt olunaraq fərdi yaşayış evləri tikilib. Həmin evlərin kanalizasiya çıxışları baxış quyularına deyil, birbaşa kollektora birləşdirilməklə tikinti normaları kobudcasına pozulub və nəticədə kollektorun istismarında risklər yaranır. Bununla yanaşı, mühafizə zonasının zəbt olunması uzun illərdir istismar olunan kollektorda təmir işlərinin aparılmasına imkan vermir. Bəzi hallarda qəza aradan qaldırılarkən məcburən ərazidəki tikililər sökülməli olur.
Kollektorda sonuncu böyük qəza bu ilin yanvar ayında baş verib və fərdi yaşayış evlərindən birinin altında kollektor çöküb. Təmir-bərpa işlərinin aparılması üçün evin sahibi tərəfindən heç bir şərait yaradılmayıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər və Xətai Rayon icra Hakimiyyətlərinə rəsmi müraciət olunub. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə qəza yerinə baxış keçirilib və vəziyyətlə bağlı akt tərtib olunub. Rəsmi dövlət qurumlarının müdaxiləsindən sonra mənzildə yaşayan sakinlər və əşyalar təxliyyə edilərək təmir-bərpa işlərinə başlanılıb. Təmir işləri aparılarkən yaşayış evinə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə 800 mm diametrli kollektorun içərisində yeni boru yerləşdirilib. Eyni zamanda ətraf yaşayış evlərinin tullantı sularının kollektora ötürülməsi məqsədilə kanalizasiya quyusu quraşdırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bildirir ki, magistral su xətlərinin, kanalizasiya kollektorlarının, anbarların və digər hidrotexniki qurğuların mühafizə zonasında və üzərində fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır. Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub olmamasını dəqiqləşdirmək üçün müvafiq qurumlardan rəy almalıdır. Eyni zamanda içməli su və kanalizasiya şəbəkələrinə qanunsuz qoşulma yolverilməzdir və xidmətlərdən yararlanmaq üçün mütləq texniki şərt alınmalıdır.