4 və 5 aprel tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə layihənin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçirilib.

"Unikal" xəbər verir ki, ümumilikdə 220 nəfərin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşları tərəfindən “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxışlar edilib. Çıxışlarda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici məlumatlar verilib.

Qeyd edək ki, ETX və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən bu maarifləndirmə tədbirlərinin silsilə şəkildə təşkil olunması planlaşdırılır. Gələcək təlimlərin keçirilməsində məqsəd məktəblilərin və valideynlərin kibertəhlükəsizlik, həmçinin kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik barədə məlumatlandırılmasıdır.

Cari ilin sonuna qədər Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəb olmaqla, ümumilikdə 12,000 məktəblinin ETX tərəfindən maarifləndirilməsi nəzərdə tutulur.