Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"
ın əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə şahid ifadə verib. Hazırda da MN-nin hərbi hissələrinin birində maliyyə sistemində işləyən Vüqar Qoşqar oğlu Cəfərov ilk olaraq dövlətə vurduğu ziyandan danışıb: "2  hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsində işləmişəm. Ümumilikdə 99 min 624 manat yeyintim olub, onu da tam şəkildə dövlətə ödəmisəm. Ümumi 124 min manat olub, onun təftiş vaxtı 20 faizini yoxlamaya gələn Süleyman Abbasova vermişəm”. 


Sonra prosesdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının maliyyə bölməsinin rəisi Hüseyn Elman oğlu Yusubov ifadə verib. O qeyd edib ki, 1997-ci ildən ordu sıralarında xidmət edir, 2019-cu ildən isə hazırki vəzifəsində çalışır: "3 il ərzində 3 milyon manat mənimsəmə aşkar olunub. 1 milyon 235 min 920 manat mənə qalib həmin puldan. 380 min manatını ödəmişəm, qalanını da tezliklə ödəyəcəyimə söz verirəm. Tədrisə qalan məbləğin 335 min manatını xüsusi tapşırıq adı ilə alıblar. Təftişə İsmayıl Rəsulzadə gəlib. Maliyyə yoxlamalarında iştirak etmişəm". 
Prosesdə şahid qismində dindirilən Füzuli Ələkbərli deyib ki, bir neçə hərbi hissədə maliyyə xidmət rəisi çalışıb, hazırda isə təqaüddədir. 


O deyib ki, maliyyə işlərində kənar vəsaitlər yazaraq mənimsəyiblər: “Yoxlamalar nəticəsində ümumilikdə, 3 hərbi hissədən 500 min manat mənə pul qalıb. Həmin məbləğdən 100 min manatını istintaq dövrü ödəmişəm. Qalan pulu da yaxın zamanlarda ödəyəcəm, əmlakımı qoymuşam satışa".
Füzuli Ələkbərli prokurorun suallarını cavablandıran zaman qeyd edib ki, ayrılan vəsaitin 65 faizi maliyyələşmə və təftişçilərə, 35 faizi isə özünə çatıb. O deyib ki, rəisi Cəlal Kazımzadə olub, bütün tapşırıqları ondan alıb. 


Cəlal Kazımov şahidin ifadəsini münasibət bildirərək Füzuli Ələkbərlinin yalan danışdığını deyib: “Şahidə təklif edirəm kişi olsun, düzgün danışsın. Xidmət yerini belə düzgün demir. Tanışlarının adına pullar yazıb, həmin pulları da özünə götürüb. Hərbi hissədə korporativ kart olduğu halda ayrı-ayrı şəxslərin adına olan kartlara köçürmələr edib. Bunların arasında onun həyat yoldaşı, digər qohumları da var".
Şahid isə deyib ki, onun xidmət etdiyi hərbi hissədə korporativ kart olmayıb, buna görə də pullar şəxsi kartlara köçürülüb.
Maliyyə xidməti rəisi işləyən Bəxtiyarov Ələkbər Şahin oğlu 2021-ci ilin mart ayından hamı kimi işlədiyini bildirib: "224 min mənimsəmə olub mənim işlədiyum hərbi hissədə, onun 51 min manatı mənə çatıb. Onu da tam olaraq ödəmişəm".


Daha sonra digər şahid Elman Seyfəddin oğlu Mirzəyev ifadə verib: "250 min 628 manat yeyintim olub mənim işlədiyim hərbi hissədə, onun 91 min 629 manatı mənə çatıb, ibtidai istintaq vaxtı bir hissəsini, məhkəmə istintaqı vaxtıda qalan hissəsini tam olaraq ödəmişəm, qəbzlərin də surətini gətirmişəm".
Proses aprelin 6-da davam edəcək.
Azər İsrafilov