Gürcüstan ilə Rusiya arasında Cenevrə Beynəlxalq Müzakirələrinin (CBM) növbəti - 60-cı raundu keçirilib.

"Unikal" xəbər verir ki, görüş aprelin 4-5-də baş tutub. Yerli mətbuatın yazdığına görə, son dərəcə mürəkkəb regional və geosiyasi mühitə baxmayaraq, iştirakçılar CBM prosesinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Tərəflər sonuncu görüşün keçirildiyi 2023-cü ilin dekabrından sonra təhlükəsizlik vəziyyətinə nəzər salıb, vəziyyəti nisbi-stabil qiymətləndiriblər.

Məlumata görə, CBM-in növbəti raundu 25-26 iyun tarixlərində keçiriləcək. Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia görüşdən sonra yerli KİV-ə açıqlamasında bildirib ki, tərəflər hətta fundamental məsələlərdə belə razılığa gələ bilməyiblər.

O, qaçqınların öz evlərinə qaytarılması məsələsi müzakirəyə çıxarılan kimi Rusiya nümayəndə heyətinin danışıqlar masasını tərk etdiyini deyib.