Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 200 min manat mənimsəməkdə təqsirli bilinən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının keçmiş müdiri vəkil Sümbülə Məhəmmədəli qızı Əliyevanın Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib. Dövlət ittihamçısı qismində Orxan Mehdiyev, Sümbülə Əliyevanın hüquqlarını Əbili Həsənov, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidmətinin nümayəndələri iştirak edib. Sümbülə Əliyeva həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hakimə vəsatət təqdim edib. Vəkil Əbili Həsənov da eyni məzmunda vəsatətlə çıxış edib, onun məhkəmə proseslərindən yayınmasına səbəb kimi ağır xəstəliyinin olmasını göstərib.
Vəkil allergik xəstəliyi olması ilə əlaqədar məhkəməyə sənədlər təqdim edib və məhkəmə istintaqından yayınmasının heç bir əhəmiyyətinin olmamasını qeyd edib. Cinayət işinin obyektiv araşdırılmasını, şahidlərin yenidən dindirilməsini məhkəmədən xahiş edib.
Hakim Sümbülə Əliyevanın ev dustaqlığına buraxılması ilə əlaqədar tərəflərin fikirlərini öyrənib. Zərərçəkmiş tərəf sayılan dövlət orqanlarının nümayəndələri vəsatəti hakimin mülahizəsinə buraxıb. Ancaq hakimlər müşavirədən sonra vəkilin ev dustaqlığına buraxılması vəsatətini qəbul etməyiblər. Sümbülə Əliyeva məhkəmə tərkibinə etirazı ilə bağlı vəsatət vermək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi 22 aprel tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, Sümbülə Əliyeva mart ayında həbs edilib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Azər İsrafilov