Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən Mətləb Nemətullayevanın məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində Arzu Nəsibova zərərçəkmiş qismində tanınıb.
İfadə verən Arzu, Mətləbi falçı kimi instaqram səhifəsindən tanıdığını bildirib: "Səhifəsinə baxdım aldandım, anam xəstə idi. O mənə dedi ki, 3 gün ərzində anan öləcək.
Qardaşımın yoldaşı evdən getmişdi, uşağı xəstə idi. Əvvəldən ona bu problemlərə görə xeyli pul verdim, yəni qardaşımın adına olan kartla onun adına olan karta pul göndərdim. Bir müddət sonra mənə dedi ki, 2400 manat verməlisən. Pul verməsən qardaşının, ailəsinin şəkillərini paylaşacam. Məndə pulu verə bilmədim, o ailəmin şəkillərini paylaşdı".
Dövlət ittihamçısı Orxan Səmədov zərərçəkənə suallar verdi:
-Falçılığı hansı formada edirdi, şam yandırırdı, cadu edirdi? Ananız, qardaşınızın yoldaşına köməklik etdi?
-İnandım sadəcə, əvvəl 200-300 manatdan başladı sonra qiyməti qaldırdı. 8 min manata kimi pul aldı. O pulu onsuzda mən həkimlərə verirdim də. Sadəcə bu adam heç nə eləmədi, ailəmə Allah kömək oldu.
Prosesin bu yerində təqsirləndirilən Mətləb bildirdi ki, Arzu qardaşının qaynanasının şəkilini göndərib ki, bunu cadu edib öldürmək lazımdır: "Məndə qardaşının nömrəsinə zəng edib vəziyyəti ona izah elədim. Mən adam dirildənəm, öldürən deyiləm. Birdə mən bu qızdan faizə pul almışam. Baxıcılıq söhbəti sonra oldu. Bunun Arzu Asim adı ilə instaqram səhifəsi var idi, orada tanış olmuşuq. Sələm yazdım bunun adı çıxdı".
Sonra şahid, zərərçəkənin anası ifadə verib: "Mən bu şəxsi əvvəldən tanımamışam. Qızımı şantaj edəndə tanımışam. Arzu 7 ildir lombardda işləyirdi, cehiz pulu yığırdı. Qardaşının ailəsinin dağılmaması üçün bu baxıcını tanıyıb. Məndə 102 zəng xidmətinə zəng edib müraciət elədim".
Məhkəmə prosesi 29 aprel tarixinə kimi təxirə salınıb.
Azər İsrafilov