"Xəzərin dənizində yaradılması nəzərdə tutulan süni torpaq sahələrində gələcəkdə hərbi məqsədlər üçün də istifadə mümkün ola bilərmi?"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, əvvəlki qanunvercilikdə Xəzərin kənarında 300 metr məsafədə tikinti işləri aparmaq mümkün deyildisə, hazırda bu məsafə 150 metr təşkil edir: “Yeni layihədə Xəzərin quruldulması ilə tikinti işlərinin necə tənzimlənəcəyi maraqlıdır. Xəzər dənizi sülh və əmin-amanlıq dənizidir. Bundan başqa, müxtəlif ölkələrdə (Çin, Yaponiya, ABŞ və s.) okean və dənizlərdə hərbi strateji məqsədlər üçün adalar yaradılır. Gələcəkdə bizdə də yaradılacaq süni torpaq sahələrində buna ehtiyac olacaqmı? Həmçinin, süni torpaq sahələrinin yaradılmasında investorlar üçün güzəştlər olacaqmı? Çünki Xəzərin qurudulması və tikinti aparılması işinin həcmi çox böyükdür. Adi tikinti ilə burada tikinti aparmaq çox fərqlidir, yəni vəsait çox tələb olunur”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov bildirib ki, dünya təcrübəsində bu var. Bu qanun layihəsinin mahiyyətindən görünürü ki, bu, iqtisadi xarakterlidir, ölkədə turizmin daha da gücləndirilməsi hədəfini daşıyır: "Xəzərin hüquqi statusu haqqında sənəd var. Azərbaycan buna qoşulub".
Anar Kəlbiyev