Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə həbsdə olan Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə təqsirləndirilən vəkil Sümbülə Əliyevanın növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, Sümbülə Əliyeva dövlət tərəfindən vəkillərə ayrılan qonorarları, həmçinin məcburi dövlət sosial sığorta haqlarını, dövlət vergilərini ödəməkdən yayınmaqla mənimsəmə və vergidən yayınma cinayəti törədib. Belə ki, mənimsəmə faktı üzrə 201 min, vergidən yayınma üzrə isə 71 min manat dövlətə ziyan vurub.
Təqsirləndirilən şəxs verilən ittihamlarla razı olmadığını bildirib və ifadə verib: " Deyə bilərəm ki, əvvəllər mən maliyyə sənədlərinin araşdırılması ilə bağlı stress keçirmişəm. İndi cinayət işinin istintaq materialları ilə tanış olmaq istəyirəm".
Hakim isə Sümbülə xanıma bildirib ki, hələ ev dustaqlığında olduğu müddətdə dəfələrlə ona istintaq materialları ilə tanış olmaq üçün şərait yaradıb.
Sümbülə xanım isə həmin vaxt sənədlərlə tanış olsa da o zaman hormonal dərmanlar qəbul etdiyi üçün istintaq materialları yadında qalmayıb, qeydlərinin isə evdə qaldığını bildirib.
Hakim isə cinayət işində Sumbülə xanımın istintaq materialları ilə tanış olması barədə cinayət işində protokolların olduğunu xatırladıb.
Təqsirləndirilən Sümbülə Əliyeva hakimin fikri ilə razılaşıb: "Mən danmıram, o zaman həmin sənədlərlə tanış olmuşam. Ancaq mən evdən yox, Bakı İstintaq Təcridxanasından gəldiyim üçün o istintaq materialları əlimdə yoxdur. Xəstəliyimdə buna təsir edib, 2 dəfə əməliyyat olunmuşam".
Hakim Mahmud Ağalarov Sümbülə xanımın münasibətini məhkəməyə qarşı süründürməçilik kimi qiymətləndirib və növbəti prosesdən şahidlərin dindirilməsinə başlayacağını qeyd edib.
Mahmud Ağalarov Sümbülə xanıma cinayət işinin materialları ilə tanış olmaq üçün yenidən şərait yaradacağını da söz verib.
Növbəti məhkəmə prosesi may ayının 2-nə kimi təxirə salınıb.
Azər İsrafilov