Mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanların keçirilməsi nəzərdə tutulub.
Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Mayın 5-də keçiriləcək imtahanlar aşağıdakılardır:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=74 keçidindən istifadə etməlidirlər.
4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 keçidindən istifadə etməlidirlər.
İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.