Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Kənd İnkişafına Dəstək İctimai Birliyinin zərərçəkən qismində tanındığı cinayət işi üzrə həbs olunan, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) və 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ilə təqsirləndirilən Ramin Rafiq oğlu Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, "Sahibkar qadınlar" İctimai Birliyinin sədri olan Zemfira Ağayeva şahid qismində ifadə verib. 25 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zemfira Ağayeva Ramin Məmmədova layihə yazılması ilə bağlı sifariş verib: "15 qadını sahibkar kimi məlumatlandırmaq, onları sahibkarlığa cəlb etməklə bağlı fikirlərimi Raminə deyirdim, o da bunu layihə formasına salırdı. Məni Raminlə Sübhan Əsgərov tabış edib. Mən dövlət qurumları, xarici təşkilatlarla əməkdaşlıq edirəm.
Bir müddət sonra xarici təşkilatlardan monitorinq gəldi və məlum oldu ki, Ramin mənim şəkillərimi müxtəlif saytlarda sahibkar xanım kimi yayıb, hansı ki, həmin tədbirlərdə mən iştirak etməmişəm. Xarici monitorinq qrupu isə mənim layihədə hesabatımın olduğunu təsdiq etdi".
Ramin Məmmədov şahidin ifadəsinə münasibət bildirib: "Zemfira xanımın həmin layihədə partnyor təşkilat kimi iştirak edib. Bir dəfə Aqrar Universitetdə keçirilən tədbirə Zemfira xanımı dəvət edəndə İtaliyada səfərdə olduğu üçün iştirak edə bilmədi. Zemfira xanımın layihəsi 3 və 4-cü tranşlarda iştirak etməli idi. Məndə olan şəkillər aqrotexniki tədbirlərdə olan şəkillərdi. 260 min manat Zemfira xanımın təşkilatına 3 və 4-cu tranşda köcürüləcəkdi. 3-cü tranşa görə pul köçürülüb, amma mən artıq həbsdə idim, xəbərim yoxdur nə qədər köçürülüb".
Prosesdə növbəti şahid Seyidak Elnur Rza oğlu ifadə verib: "Mənə korrupsiya idarəsindən zəng elədilər. Dedilər ifadə verməlisən. Ehtiyatda olan polkovnikəm, indi soğan əkirəm, fermer təsərrüfatım var. Dedilər Şəmkirdə tədbirdə iştirak etmisiz, şəkiliniz var".
Sonra Ramin Məmmədov şahidə sula verib:" Ağdamda soğançılıq assosasiyası var, oranı tanıyırsız?"
Şahid isə heç bir asossasiya ilə əlaqəsinin olmadığını bildirib.
İtihamdan da məlum olur ki, Ramin Məmmədov regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib. Bu layihə çərçivəsində 423 min avro qrant alıb.
Həmin məbləğlə Goranboy, Tovuz, Ağstafa, Şəmkir və digər rayonlarda kənd təsərrüfatının inkişafı üçün təlimlərin keçilməsi və bu yöndə başqa addımların atılması nəzərdə tutulub.
Ramin Məmmədov təlimlərin keçirilməsi barədə yalan məlumatlar daxil etməklə bilə-bilə vəzifə saxtakarlığı törədib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, ona əmanət edilən 364 min manat məbləği mənimsəməkdə ittiham olunub.
Novbəti məhkəmə prosesi may ayının 21-nə təyin edilib.
Azər İsrafilov