"Nikol Paşinyan Moskvaya gedəcək, amma inauqurasiya münasibətilə yox, Aİİ sammitində iştirak etmək üçün".
"Unikal" xəbər verir ki, bunu Ermənistan “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants deyib.
Onun sözlərinə görə, indi Ermənistan-Rusiya siyasi əlaqələri yoxdur: "Qərblə münasibətlər sırf anti-Rusiya əhval-ruhiyyəsi əsasında qurulub. Ermənistan regionda yeganə ölkədir ki, Qərbdə “xilaskar” axtarır. İranın da Ermənistana qarşı müəyyən inamsızlığı var və Ermənistan-Türkiyə münasibətlərində heç bir dəyişiklik yoxdur".
Partiya sədri qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasının əleyhinə deyil: "Çünki o, bütün problemləri təzyiq yolu ilə aradan qaldıra bilib. Əslində, sülh müqaviləsi Azərbaycanın indiyədək əldə etdiyi nailiyyətləri təsbit edir. Bu razılaşma Ermənistana qarşı bütün təzyiqləri qanuniləşdirəcək.
Ermənistan tərəfi üçün problem o idi ki, demarkasiya Tavuşdan başladı. Paşinyan təslim oldu. Problem ondadır ki, Voskepar dəhlizə çevriləcək və iqtisadi aktivlik baxımından bu kənddə yaşamaq belə qeyri-mümkün olacaq".
Ağarza Elçinoğlu