Bakıda 20 vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş Elnur Şəfiyev bildirib ki, ona dəymiş ziyan 52 min 500 manatdır:
"Özüm qaziyəm, 3-cü qrup əliləm. Mən güzəştli şərtlərlə mənzil verilməsində köməklik edəcəyi ilə bağlı yalan söz verdi.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxs qərəzli fikirlər səsləndirir:
"Mənə əlbəəl 15 min verib. 8 min 600 manatını geri qaytarmışam. 37 min manat isə Əbdülə vermişdim. Mənə pulları Əbdül adlı şəxs verib".
Zərərçəkmiş İltuhə Şahbazova ifadəsi zamanı bildirib ki, təqsirləndirilən şəxsi Ruhiyyə adlı xanım vasitəsilə tanıyıb:
"Maşınım köhnəldiyindən satmaq istəyirdim. Dedi ki Nicat adlı maşın ustası var və o bu maşını 25 min manata istəyir. Maşın satıldı və mənə 17 min manat verildi. Ancaq 8 manat verilmədi. Həmçinin digər maşın almaq üçün 4000 manat pul vermişdim. Arada məni inandırmaq üçün maşınları, evi göstərirdi. Qohumum Səadət adlı xanıma qarşı da sosial müavinət düzəldirəcəyi ilə bağlı yalan vəd verib 1000 manat dələduzluq edib".
Zərərçəkmiş Tahir Hümbətov qeyd edib ki, kəsilən pensiyasının bərpası üçün təqsirləndirilən şəxsə ümumilikdə 4 min 500 manat pul verib. Zərərçəkmiş Ülviyyə Şəfiyeva isə deyib ki təqsirləndirilən şəxsə ev almaq üçün 2 min manat pul verdiyini deyib.
Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla ) maddəsi ilə ittiham irəli sürülüb.
Azər İsrafilov