Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən tədbir keçirib.
"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilən video-çarx nümayiş etdirilib.
Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olan Ulu Öndər Heydər Əliyev realist şəxsiyyət kimi hadisələrə praqmatik yanaşıb, tarixi şəraitdən düzgün baş çıxarıb, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edib. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətli inkişaf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, xalq-iqtidar birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni dövlətçilik təfəkkürünün əsası qoyulub. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq təlimi müstəqil dövlətçilik ideologiyası olmaqla bərabər, dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətini bəyan edir. Azərbaycan dili, xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributlarıdır. Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan xalqı təlimi ölkəmizdə ümummilli birlik və həmrəylik yaratmağın nümunəsidir. Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu müstəsnadır. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə həsr edib. Ona görə əminliklə deyirik ki, müstəqil Azərbaycan Ulu Öndərn şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Ulu Öndərin ideyaları əbədiyaşardır və Heydər Əliyev yolu Azərbaycanın gələcək inkişafında da mayak rolunu oynayacaq.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru əvəzi Vazeh Əsgərov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin, Onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir.
Sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalı təltif edilib, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.