Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib.
"Unikal"ın məlumatına görə, o Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manat olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bağlı təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən il dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Onun həbs olunmasına səbəb dövlətə vurduğu ziyanı ödəməməsi olub.
Azər İsrafilov