“GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək.
“GSMA M360” çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları gündəmə gətiriləcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrə uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər haqqında danışılacaq.
Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq.
Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.
Tədbirdə maraqlı məruzələrin və panel iclaslarının baş tutması gözlənilir. Eyni zamanda, konfrans yeni əməkdaşlıqların qurulması üçün əla platforma rolunu oynayacaq. Bu da öz növbəsində daha təhlükəsiz və dayanıqlı gələcəyin yaradılması istiqamətində effektiv strategiyaların hazırlanmasına səbəb olacaq.
“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.