Mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində 2 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Unikal"a Şəki Rayon Prokurorluğundan bildirilib.
Araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Namiq Məmmədov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***20:00
Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib.
Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namiq Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.
Daha sonra Namiq Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib. İ.Məmmədsoy Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb.
Namiq Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.
***18:17
Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namiq Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.