“İstənilən qız cazibədar görünə bilər. Bunun üçün sakit dayanmaq və axmaq kimi görünmək kifayətdir”.
Bu sözlər ixtiraçı Hollivud ulduzu, istedadlı riyaziyyatçı, 40-cı illərin dəb ikonası Hedi Lamarra aiddir.
Hedi Lamarr 1914-cü ildə Vyanada yəhudi Emiliya Kislerin və avstriyalı pianoçu Qertrud Lixvitsin ailəsində doğulub. Əsl adı Hedviq Yeva Mariya Kislerdir. Hedviq 16 yaşında evdən getmək və aktrisa olmaq qərarına gəlir. Teatr məktəbini bitirdikdən sonra isə filmlərə çəkilməyə başlayır. Ona şöhrət gətirən ekran əsəri isə 19 yaşında çəkildiyi, çex rejissor Qustav Mahatının qalmaqallı “Ekstaz” filmi olub.
Ağ-qara lentə alınan film o dövrdə böyük səs-küy yaratmışdı. Əslində, bir anlıq düşünürsən: 1933-cü ildə lentə alınmış ekran işində qeyri-adi nə ola bilərdi ki? Hedinin rolundan başqa heç nə: o, iyrənc və hissiyatsız qocaya ərə verilmiş gənc, ehtiraslı qızı oynayırdı. Hedinin göldə çılpaq üzməsi səhnəsi Avropa cəmiyyəti tərəfindən xoş qarşılanmadı və bu səbəbdən film qadağan olundu. Həm aktrisaya, həm də çəkiliş heyətinə ağır tənqidlər səsləndirildi. Qəribədir ki, filmdə bu gün də aktual olan bir mövzu diqqət çəkməmişdi: gənc qızın özündən qat-qata qoca kişiyə ərə verilməsi deyil, göldə çılpaq üzməsi hər kəsi əsəbiləşdirmişdi.
Filmin qadağan olunmasına baxmayaraq, bu səhnədən sonra Hedinin milyonlarla pərəstişkarı peyda olmuşdu.
Qalmaqallı filmdən sonra Hedinin valideynləri onu dərhal ərə verməyə çalışır. Gənc aktrisanın əri isə Reyx üçün silah istehsal edən və Avropada ən iri silah zavodlarından birinin sahibi olan Frits Mandl oldu. Mandl Birinci Dünya müharibəsindən sonra bağlanmış Versal sülhünün şərtlərini pozaraq Almaniya və Macarıstana silah sataraq qeyri-qanuni yolla kapital yığmağa başlamışdı. "Biabır olmuş" qızlarının belə bir mötəbər şəxsə ərə verilməsi Hedinin ailəsi üçün göydəndüşmə fürsət idi.
Lakin bu nikah gözlənildiyi kimi, xoşbəxtlik gətirmədi: əri Hedini dilsiz-ağızsız kukla kimi görmək istəyir, ondan həmkarları və tərəfdaşları qarşısında lovğalanmaq üçün bir vasitə kimi istifadə edirdi. Frits həyatını əxlaq dilemmaları ilə də çətinləşdirmək istəmirdi. Bu səbəbdən o, toydan sonra “Ekstaz” filminin bütün nüsxələrini topladaraq Hediyə kinoya çəkilməyi qadağan edir. Hedini isə intellektual passivlik və bəzədilmiş qonaq otaqlarında ər-arvad rolunu oynamaq bezdirir, ərinin şübhəli fəaliyyəti ilə bağlı düşüncələrdən azad ola bilmirdi.
Hedi Mandlın vasitəsilə Hitler, Mussolini kimi diktatorlarla tanış olmuşdu.
Əri ilə görüşlərə və müşavirələrə qatılan Hedi bütün söhbətlərə diqqətlə qulaq asır, kişilərin əsasən nədən danışdıqlarına fikir verirdi – onların söhbətləri isə olduqca maraqlı idi. Axı Mandlın istehsal laboratoriyaları nasistlər üçün radio ilə işləyə bilən silah hazırlığı üzərində işləyirdi. Bu işlər necə edilirdi? Bu sirr sonralar Hedi üçün agah oldu.
Mandl ilə nikah Hedinin səbrini daşırır. Hedi başa düşür ki, Mandlı sevmir və bundan sonrakı həyatına aktrisa kimi davam etmək istəyir. 4 illik cansıxıcı ailə həyatından sonra Avropada baş vermiş dəyişikliklərin miqyasını və təhlükəsini anlayan Hedi Amerikaya qaçmaq qərarına gəlir. Qulluqçu libası geyinib ərinə yüksək dozada yuxu dərmanı içirdən Hedi bütün qiymətli daş-qaşını götürərək ölkəni tərk edir. Əvvəlcə Parisə, oradan Londona, daha sonra isə Nyu-Yorka gedən Hedi Amerikada aktrisalıq karyerasını davam etdirmək qərarına gəlir. O, Hollivudda özünə qarşı “Ekstaz” filmindəki erotik səhnələri ilə assosiasiya olunmuş Amerika cəmiyyətinin puritan əhval-ruhiyyəsini oyatmamaq üçün ləqəb götürməli olur. Hedi tanınmış amerikalı aktrisa Barbara La Marrın soyadını götürərək Hedi Lamarr olur. Hedi Lamarr 1938-ci ildə lentə alınmış “Əlcəzair” filmində Amerika debütünü edərək birdən-birə Hollivudun dəb ikonasına çevrilir. Həmin vaxt o, “MGM” kinostudiyasının rəhbəri Luis Meyerlə müqavilə imzalayır.
Meyer onun haqqında danışarkən deyirdi:
“O, dünyanın ən gözəl qadını idi. Yoxsa, Allah bu valehedici qaraşın qadını mənə göndərməzdi. Çoxdandır fikirləşirdim ki, stereotip sarışın qadınların ekrandakı monopoliyasına son qoymaq lazımdır”.
“Əlcəzair”dən sonra Hedi Klark Qeybllə “Səs-küylü şəhər” və “Yoldaş İks” filmlərində baş rolları paylaşır. 1949-cu ildə isə Lamarr özünün ən uğurlu rolunu “Samson və Dalila” filmində canlandırır.
Hedi Lamarr 1940-1949-cu illərdə ümumilikdə 18 filmə çəkilmişdi. O bu çəkilişlərdən 30 milyon dollar qazanmışdı.
1953-cü ildə Hedi Amerika vətəndaşlığı alır. O, 6 dəfə ərə gedib. Ancaq ərlərinin heç biri Lamarrın istədiyi kimi olmayıb. İkinci və üçüncü nikahından aktrisanın 3 uşağı dünyaya gəlib.
İkinci Dünya müharibəsi başlayanda faşizmə nifrət edən və texniki ideyalarla zəngin olan aktrisa müdafiə imkanlarının gücləndirilməsi məqsədilə ABŞ-nin Milli İxtiraçılar Şurasına müraciət edərək öz xidmətlərini təklif edir. Orada ona müdafiə xərcləri üçün istiqraz vərəqlərinin satılmasından ötrü öz cazibəsindən istifadə etməyi məsləhət görürlər. Bu yolla ordu 7 milyon dollar qazanır. Belə ki, aksiya zamanı satılan hər istiqraz vərəqinə görə Hedi alıcıya öz öpüşünü bəxş edirdi. Bir öpüş isə 25 min dollar qazandırırdı. Bunun arzusunda olanlar isə yetərincə çox idi.
Hedi Lamarrın qeyri-adi intellektinə tələbat, öz dövründə elə də ciddi bəstəkar kimi qəbul edilməyən amerikalı Corc Anteyllə tanış olanadək yox idi. Corc Hollivudda filmlərə musiqilər yazırdı. Onun ən məşhur əsəri isə simfonik orkestr üçün yazılmış “Mexaniki balet” idi. Corc Anteyl də 1920-ci illərin əvvəllərində digər həmkarları kimi Parisə gedir və tədricən şöhrət qazanmağa başlayır. Hətta Solomon Quqqenheymin Müasir İncəsənət Himayədarı təqaüdünü almağa başlayır. O, Pablo Pikasso, Ceyms Coys, Ezro Paund və digər məşhurlarla ünsiyyətdə idi.
O, 1936-cı ildə isə İkinci Dünya müharibəsinin başlayacağını qabaqcadan xəbər verən kitab yazır. Onun növbəti əsəri “Hərə özü üçün detektivdir. Endokrinologiya kursu” adlanırdı. Bundan başqa, Corc “Eskvayr” jurnalında hormonlar, cinsiyyət orqanlarının fəaliyyəti ilə bağlı məqalələr yazırdı.
Hedi Lamarr onunla 1940-cı ilin yayında əyləncə gecəsində “Dörd əl oyunu” zamanı tanış olmuşdu. O, Corcla söhbətində keçmiş ərinin müzakirələri zamanı almanların radiosiqnal vasitəsilə hədəfə torpedaları yönəltməyin mümkün olmamasından şikayətləndiklərini, rəqibin gəmilərinin həmin tezlikdə siqnalları aradan qaldırdığını söyləyir. Söhbət əsnasında Lamarr təklif edir ki, eyni tezlikdə siqnalın bir hissəsini göndərmək olar, qalan hissəni ötürmək üçün isə növbəti tezliyə keçmək lazımdır. Tezliklərin dəyişməsi haqda qəbuledici və ötürücü aparatın uyğunlaşdırılmış zamanında isə nəsə “Dörd əl oyunu”ndakı kimi alınardı və siqnal səs batırma maneəsi zamanı daha güclü ola bilərdi. Lamarr, həmçinin fərz edirdi ki, ötürücü və qəbuledicinin mexaniki uyğunlaşdırılması mexaniki pianonun valına oxşar detallar vasitəsilə mümkün ola bilər. Sapşəkilli və pərvanəli silindir dəniz torpedasının korpusuna yerləşdirilmək üçün kifayət qədər kompakt görünür. Bundan başqa, Lamarrın fikrincə, sistem piano klavişlərinin sayı qədər – 88 radiotezlik dəstindən istifadə edə bilər. İxtiranın detalları üzərində bir neçə ay da işlənildi və 1940-cı ilin dekabrında ixtira Milli İxtiraçılar Şurasının sədri Çarlz Katterinqə göndərildi.
“General Motors” şirkətinin tədqiqatlar şöbəsinin rəhbəri olan Katterinq daha əvvəl yanacaq sistemini, təhlükəsiz şüşə və digər ixtiraları etmişdi. O, yüzminlərlə ixtiranın arasından Lamarrın ixtirasını bəyənir. Onun rəhbərliyi ilə ixtiranın detalları tamamlanır və 1942-ci il avqustun 11-də Lamarr və Anteyl “Secret Communications System”in məxfi əlaqələr sistemində 2 292 387 nömrəsi altında Amerika patenti alırlar. Həmmüəlliflər bütün mümkün ödəmələrdən imtina edərək onu hökumətə hədiyyə edirlər.
ABŞ-nin Hərbi-Dəniz Qüvvələrində ixtiraçıların fikirlərini təcrübəyə tətbiq etmək istədilər. Ancaq perfolent vasitəsilə mexaniki idarəetmə çətin oldu. Yalnız 1957-ci ildə “Silvaniya” firmasının mühəndisləri “Məxfi məlumatlar sistemi” ideyası ilə təcrübə aparmaq qərarına gəldilər və mexaniki vasitələrlə birlikdə yarımkeçirici komponentlərdən istifadə etməyə başladılar. “Genişzolaqlı siqnal” termini yarandı və Lamarrın ideyası o qədər məhsuldar oldu ki, artıq 1962-ci ildə ABŞ ordusu Kuba böhranı zamanı yeni radioaparatdan istifadə edirdi. Texnologiyanın daha genişmiqyaslı tətbiqi isə “Ulduz müharibələri” proqramının bir hissəsi olan “Milstar” hərbi peyk əlaqəsinin çoxmilyardlıq layihəsində yerinə yetirildi. 1980-ci illərin ortalarında Pentaqon bir sıra patentləri məxfilikdən çıxardı və mühafizə-yanğın siqnalizasiyası adi vətəndaşlar üçün də əlçatan oldu. Hedi Lamarr ixtirasının ən məşhur nümunəsi kimi bu gün standart radiotelefon əlaqəsi olan GSM-i göstərmək olar.
Bu ixtiralara baxmayaraq, savamlı uğursuz nikahlardan sonra Hedi Lamarr bütün şan-şöhrətini itirir və faktiki olaraq ictimai həyatdan silinir. 1966-cı ildə 52 yaşlı aktrisa ekranlara qayıtmağa cəhd edir. Ancaq onun kəskin xarakteri və Hollivud haqqında mənfi fikirlər səsləndirməsi buna mane olur. Hətta Floridada mağazaların birində Hedi Lamarrı 100 dollarlıq ayaqqabı oğurlamaqda ittiham edirlər. Məhkəmə bu ittihamı rədd etsə də, qalmaqal uzun müddət tamaşaçıların yaddaşından silinmədi. Hedinin ən böyük reputasiya itkisi isə Leo Gild və Say Raysla birlikdə yazdığı “Ekstaz və mən. Qadın kimi həyatım” avtobioqrafik kitabından sonra oldu. Bu əsərdə o, boynuna alırdı ki, guya nimfomaniyadan əziyyət çəkir. Kitab işıq üzü gördükdən sonra Lamarr nəşriyyata qarşı belə bir iddia irəli sürdü ki, həmmüəlliflərdən olan Leo kitabda təsvir olunan hadisələrin çoxunu uydurub. Hedi Lamarr illər sonra etiraf edirdi: “Bu kitab mənim karyeramı və həyatımı darmadağın etdi”.
1960-70-ci illərdə Lamarr heç bir filmə çəkilməyib. Baxmayaraq ki, ona çoxlu ssenari, reklam və layihələr təklif olunmuşdu. Lamarr bunların heç biri ilə maraqlanmadı. Görmə ilə bağlı problemləri yaranan Lamarr ətrafdakıların diqqətindən yayınmaq üçün Mayami-Biçə köçməyə məcbur olur.
Aktrisa ömrünün son illərini qocalar evində keçirib. Simsiz kompüter şəbəkələrinin pərəstişkarları təsadüfən onun həyat hekayətini yazıb, Hedi Lamarrı Konqressin Şərəf Ordeni və İEEE mükafatına layiq görmək istəyirlər. Ancaq onların cəhdləri boşa çıxır. 1997-ci ildə Hedi Lamarr “Electronic Frontier” fondunun mükafatlandırma mərasimində iştirakdan imtina edir və hətta jurnalistləri belə qəbul eləmir. O deyirdi: “Düşünməyin ki, mən pis görürəm. Sadəcə, heç kimi görmək istəmirəm”. Mükafatı isə anasının adından Los-Ancelesdə radiotelefon mağazasına sahib olan oğlu Entoni Louderi alır. 1998-ci ilin martında Lamarr “CorelDraw8” proqram paketinin qablaşdırmasında onun icazəsi olmadan portretindən istifadə etdikləri üçün “Corel” şirkətini məhkəməyə vermişdi.
O, şirkətdən 15 milyon dollar təzminat tələb edir: 10 milyonu “CorelDraw 8” proqramının satışından əldə edilən faizlərə görə, 5 milyonu isə şirkətin vurduğu mənəvi ziyana görə. Ancaq qablaşdırmanın üzərindəki foto yox, rəqəmli illüstrasiya idi. Həmin illüstrasiya rəssam Con Korkeri tərəfindən 120 saatlıq gərgin əməkdən sonra hazırlanmışdı. O, işini 1996-cı ildə “Corel”in dizayn müsabiqəsinə təqdim etmiş və əsas mükafatı qazanmışdı. “Corel” daha sonra reklamları üçün bu dizayndan istifadə etmişdi. Təsvir qablaşdırmanın üzərində, rəhbərliyinin loqosunda və proqramın titul pəncərəsində istifadə edilirdi. Məhkəmə prosesi zamanı “Corel”in vəkilləri Lamarrın keçmiş "cinayətləri"nin üstünü açmış və 1991-ci ildə mağzadan ayaqqabı oğurlaması məsələsini yenidən gündəmə gətirərək mənəvi ziyana görə kompensasiyanın məbləğinin azaldılmasını tələb etmişdilər. Lamarrın vəkili isə bildirmişdi ki, şirkət onun müştərisinə böhtan atır və yalnız bir dəfə səhvən Lamarr ayaqqabının pulunu ödəmədən mağazadan çıxıb. Lamarr şirkətdən dərhal onun şəklini bütün məhsullarından çıxarmağı tələb etsə də, məhkəmənin qərarı ilə şirkət 5 il müddətinə Lamarrın simasından istifadə edə bilərdi və bunun qarşılığında aktrisaya 250 min dollar ödəməli idi.
Hedi Lamarr ölümündən qabaq isə “Qallo” çaxır şirkətinə qarşı 12 milyon dollarlıq iddia qaldırmışdı. Şirkət televiziya reklamında aktrisanın obrazlarının birindən istifadə etmişdi. Məhkəmənin qərarına əsasən, reklam çarxı şəxsi həyata hər hansı müdaxilə etmir və tamaşaçılarda onun haqqında insan kimi hər hansı yalan təəssürat yaratmır.
Hedi Lamarrın şərəfinə əsas kompüter oyunları seriyasından “Hal-Life” – hedkrab oyunlarına onun adı verilib. “Half-Life 2”nin əsas personajlarından olan doktor Ayzek Klyaynerin laboratoriyasında Lamarr ləqəbli quş var. Doktor Klyayner onu aktrisa və ixtiraçı Hedi Lamarrın şərəfinə adlandırıb.
Hedi Lamarr 2000-ci il yanvarın 19-da 86 yaşında Floridada qocalar evində dünyasını dəyişib. Onun meyiti arzusuna uyğun olaraq yandırılıb və külü oğlu Entoni Loder tərəfindən doğma vətəni Avstriyanın Vyana meşəsinə səpilib.
Hedi Lamarr kinematoqrafiya sahəsindəki xidmətlərinə və töhfələrinə görə Hollivudun Ulduzlar Xiyabanında ulduza layiq görülüb.
Aktrisanın doğulduğu 9 noyabr tarixi hər il Amerikada – “İxtiraçılar günü” kimi qeyd olunur.
Hedi Lamarr 6 dəfə ərə gedib: Frits Mandlla iki illik uğursuz nikahından sonra o, ssenarist və prodüser Cin Makri ilə ailə qurub. Makri hətta onun aktyor Con Loderdən olan oğlunu da qəbul edib. Makri ilə nikahdan yarım il sonra Hedi yenidən oğlunun atası Con Loderə qayıdır və bu dəfə onlar münasibətlərini rəsmiləşdirirlər.
Onlar 4 il birlikdə yaşayırlar. Bu müddət ərzində Lamarrın daha bir oğlu və qızı dünyaya gəlir. 1947-ci ildə cütlük boşanır. Bundan sonra Hedinin daha üç nikahı olub: musiqiçi Teddi Stufferlə (1951-1952), neftçi Uilyam Qovardla (1953-1960) və vəkil Luis Boieslə (1963-1965).
Hedi Lamar ehtiraslı və dəyişkən xasiyyətli biri idi və aktrisanın rəsmi nikahlarından başqa, xeyli sayda sevgilisi də olub. Onların arasında ən məşhuru isə 60-cı illərdə Amerikanın ən zəngin insanlarından biri hesab edilən prodüser, mühəndis, rejissor, ixtiraçı Hovard Hyuz olub.
GSM, GSP, Bluetooth və Wi-Fi 802.1 texnologiyalarının əsas sistemində Hedi Lamarrın ixtiraları dayanır.
Məhz bu “yaşıl gözlü” qaraşın xanımın sayəsində bu gün biz Wi-Fi-dan istifadə edə bilirik.
Onun ixtiraları olmasaydı, hərbi peyklər uçmaz, mobil telefonlar işləməz, naviqasiya sistemləri haqqında isə danışmağa belə dəyməzdi.
Nuranə Abbasova