Dünya Badminton Federasiyası (BWF ) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların siyahısını açıqlayıb.
Azərbaycan Badminton Federasiyasından "Unikal"a verilən məlumata görə, ölkəmiz ilk dəfə Olimpiadada 2 badmintonçu ilə təmsil olunacaq.
2021-ci ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında mübarizə aparacaq. O, lisenziyaya “Paris yolu” reytinqində 28-ci olmaqla sahib çıxıb.
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra isə həmin reytinqdə 31-ci olaraq ölkəmizi “Paris-2024”də təmsil etmək hüququ əldə edib.
Badminton yarışları 27 iyul - 5 avqustda Parisdə yerləşən “Porte de la Chapelle” arenasında keçiriləcək. 27-31 iyulda qrup mərhəsi, 1-5 avqustda isə 5 kateqoriya üzrə pley-off mərhələsinin görüşləri oynanılacaq.