Mübariz Mənsimova «çay biznesi” qadağası
22:16 25-05-2013
İQTİSADİYYAT
Mübariz Mənsimova «çay biznesi” qadağası
Məşhur iş adamının istəyinə rədd cavabı verilibmiş
Hazırda Türkiyədə yaşayan və işləyən azərbaycanlı iş adamı Mübariz Mənsimovun Lənkəranda iri çay fabriki inşa etdirmək istəməsinə mənfi cavab verilib. Bu hadisənin xeyli əvvəl baş verdiyi bildirilsə də, mövzu ilə bağlı iddia yeni ortaya çıxıb.
Bəzi qaynaqların deməsinə görə, Mənsimov uzun müddət Azərbaycanda çayçılıq təsərrüfatının durumunu araşdırtdırıb və bu sahədə ciddi sərmayə yatırımına ehtiyac olduğunu, qoyulan investisiyanın qısa vaxtda ciddi gəlirlər gətirə biləcəyini öyürənib.
Əslində belə olduğunu mövcud mənzərə də söyləməyə əsas verir: dünyada çayçılıqla məşğul olan 30 ölkədən biri də Azərbaycandır. Ötən əsrin 90-cı illərində çay əkini üçün yararlı torpaqların əhaliyə pay verilməsi və bu sahənin inkişafı üçün indiyə qədər dövlət proqramının olmaması respublikanın çayçılıq təsərrüfatına böyük ziyan vurub. Belə ki, 100 il bar verə bilən 10 min hektara yaxın çay plantasiyaları məmur özbaşınalığının qurbanı olub.
Lənkəran, Astara, Masallı, Zaqatala və Lerik rayonları ərazisində 29 min hektar çay əkmək üçün torpaq sahəsi var və bunun 21 min hektarı əkinə yararlıdır. Ən çox 1988-ci ildə 13,4 min hektar çay əkilib və 34,4 min ton yaşıl çay yığılıb. Hazırda respublikada 4 min hektara yaxın çay plantasiyası var. 2003-cü ildə 4737,4 ton təbii çay istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 20,2% az olmuşdur. Azalma sonrakı 10 il ərzində davam etmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin üzümçülük, meyvə-tərəvəzçilik və çayçılıq sektorunun mütəxəsisslərinin hesablamalarına görə, respublika əhalisinin quru çaya olan ehtiyacı təxminən 15 min tondur. Çayçılıqla məşğul olan rayonlarda torpaqların şəxsi mülkiyyətə verilməsi bu sahədə böyük problemlər yaradıb. Bu torpaqların yenidən icarəyə götürülməsi çayçılığın əvvəlki gücü ilə bərpa olunması istiqamətində nəzəri müzakirələr gedir və bu praktik həqiqətə söykənsə yerli əhali arasında işsizliyin azalmasına kömək edə bilər.
Hazırda respublikada 38 min ton yaşıl çayın ilkin emalı gücünə malik 14 fabrik fəaliyyət göstərir. Bu istehsal müəssisələri hazırda çox az gücü ilə işləyirlər.
Alıcılar satışda bir neçə ildir yaxşı çaya rast gəlmədiklərini bildirirlər. Çaya rəng qatıldığı barədə fikirləri hazırda ölkənin hər yerində eşitmək mümkündür və bunun insan sağlamlığına nə kimi təsiri olduğu sual altındadır. Ölkədə çay istehsalı ilə məşğul olan müəssisələr isə susmağa üstünlük verirlər.
Halbuki Bakı şəhər Gigeniya və Epidemologiya Mərkəzinin Sanitariya Nəzarəti Enspeksiyası tərəfindən "SUN-TEA" Azərbaycan A.T.S.C, Lənkəran "Cempion" firması, "Avropa" və Zaqatala çay müəssisələrinə gigenik sertifikat verilib.
"SUN-TEA Azerbaycan" A.T.S.C. şirkəti, "Beta tea" şirkəti, Lənkəran "Cempion" firması, respublikada quru çay istehsalı ilə əsasən məşğul olur. Lənkəran “Çempion” çay fabriki 1995-ci ildən fəaliyyət göstərir. İllik istehsal gücü 6 min tondur. "SUN TEA Azerbaycan" A.T.S.C. 1996-cı ildə fəaliyyətə başlamışdır. Müəssisə çayın emalı və paketləşdirilməsi ilə məşğuldur. Yerli və xaricdən gətirilmiş xammaldan istifadə edirlər.
Bütün bu neqativ mənzərə Mənsimovu Azərbaycanda çay biznesinə sərmayə ayırmağa daha da həvəsləndirib. Amma o niyyətini müəyyən çevrələrə çatdırdıqdan sonra iş adamına verilən cavab müsbət olmayıb. Mümkündür ki, hazırda ölkənin çay təsərrüfatında aparıcı mövqelərə malik olan, amma əhalinin yerli və keyfiyyətli çay təminatının öhdəsindən gələ bilməyən istehsalçılar hökumət dəhlizlərindəki himayədarları vasitəsi ilə iş adamının istəyinin gerçəkləşməsini istəməyiblər, çünki bununla bazardakı mövqelərini itirəcəklərindən narahat olublar.
İddialara görə, məhz bundan sonra doğulub boya-başa çatdığı rayonun sosial-iqtisadi həyatına töhvə vermək, işsizliyin çox olduğu Lənkəranda
müəyyən qisim ailələri işlə təmin etmək istəyən Mübariz Mənsimov dondurma və süd zavodlarının açılmasına qərar verib. Hazırda həmin müəssisələrin gəlirlərinin xərclərini qarşılamadığı, amma bu zavodların Lənkəranın sosial-iqtisadi dirçəlişinə kömək edə biləcəyini nəzərə alaraq Mənsimovun dotasiya yolu ilə onların fəaliyyətinin davam etdirilməsini təmin etdiyi bildirilir.
Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan doğumlu talış kökənli iş adamı və "Palmali" Şirkətlər Qrupunun sahibi olan Mübariz Mənsimov qardaş ölkənin ən nüfuzlu milyarderləri siyahısına daxildir. 10 il əvvəl Türkiyəyə sərmayə qoymağa başlayan azərbaycanlı oliqarxın şirkətinin hazırda 20-dən çox ölkədə ofisinin olduğu bildirilir.
Onun Azərbaycanda ciddi biznes yatırımlarına həvəslənməməsi daim mətbuatın müzakirə mövzusudur. Bu, Mənsimovun hökumətdə bəzi iri məmurlar tərəfindən sevilməməsi və ona qısqanc yanaşılması ilə izah olunur. Məşhur iş adamının özü isə bir dəfə demişdi ki, o, məmurların rüşvət və korrupsiyaya meylli olduğu ölkələrə investisiya qoymaqdan çəkinir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40