2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

"Unikal"  xəbər verir ki, görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

XXX

15:35

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində iki ölkə rəsmilərinin görüşü keçirilir. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Tavuş vilayətinin Azatamut kəndindən Azərbaycanın Qazax rayonuna gedən hissədə hərbi polis gücləndirilmiş nəzarətə keçib. 

Xatırladaq ki, demarkasiya komissiyaları aprelin 19-da birgə bəyanat verib və yerində aparılan ölçmələr nəticəsində sərhəd xəttinin dörd hissəsinin təsvirinin tərtib edilməsi və bu barədə mayın 15-dək müqavilənin imzalanması üçün son tarix müəyyənləşdiriblər.

***13:52

Bu gün Qazaxın Azərbaycana qaytarılacaq kəndlərinin demarkasiyası üçün son tarixdir. 

"Unikal" xəbər verir ki, razılaşmaya əsasən, Azərbaycan və Ermənistan tərəfləri mayın 15-dək demarkasiya-delimitasiya protokolunu imzalamalıdırlar. 

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə baş tutan görüşdə qərara alınıb ki, sərhəd xəttinin verilmiş hissələrinin təsviri ərazidə aparılan geodeziya ölçmələri nəticəsində aparılan koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, müvafiq Protokol-təsvirdə tərtib edilsin. Bu, 15 may 2024-cü ilə qədər Tərəflər arasında razılaşdırılmalı və imzalanmalıdır.
 
Ağarza Elçinoğlu