Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin Zəka ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən Zeynal və Heydərin evinə necə daxil olmasını görməyib:
"Bu hadisə ani bir vəziyyətdə oldu. Mənim əlimi iplə bağlamışdılar. Bıçağı görəndə özümü itirdim. Müqavimət göstərsəm də bacara bilmədim. Evimin dəhlizində mənə hücum çəkildi. Qızıl üzüyümü Heydər götürdü. Çünki xanım təqsirləndirilən şəxslərdən biri dedi ki, o üzüyü mən çoxdan qaralamışam onu da götür, yoxsa Heydərin yadına da düşməyəcəkdi. Boyunbağımı isə Hökümə götürdü. Onlar məni videoya çəkmişdilər hədə-qorxu yolu ilə 5-10 min manat pul istədilər. Mənə günorta saat 3-ə qədər vaxt qoymuşdular. Yumruq zərbələri almışdım, qanın içində idim. Qardaşımı köməyimə çağırdım. Mənə 870 manat, telefon, gümüş saatım, qızıl üzük və boyunbağım qaytarılmayıb. Mənlə tərəflər arasında barışıq olmayıb. Mənə ümumilikdə 4 min 835 manat maddi ziyan dəyib".
Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka ləqəbli toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və daha sonra döyülüb.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.
Azər İsrafilov