Alimlərimizin rifahının artırılması çox vacib məsələdir.
"Unikal" xəbər verir ki, bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
"Həqiqətən də, buna diqqət edilməli, yeni maliyyə mexanizmləri işlənməlidir. Biz də bu istiqamət üzrə müəyyən təhlillər apararaq, təkliflər hazırlamışıq. Düşünürəm ki, məsələyə kompleks şəkildə baxılanda daha düzgün addımlar atılacaq. Həm optimallaşdırılma, həm maddi motivasiya mexanizmləri, həm də birgə əməkdaşlıqla bağlı problemlərə kompleks şəkildə baxılıb, düzgün həll yolları tapılacaq", - o qeyd edib.
Direktor vurğulayıb ki, alimlərimizin böyük əksəriyyəti gənclik illəri sovet hökuməti vaxtında keçən adamlardır:
"Beləliklə, onlar üçün elmin dili əsasən, rus dili olub. Söhbət dəqiq və təbiət elmlərindən gedir. Lakin hazırda aparılan elmi aktivliyin ölçülməsi yalnız ingilis dilində nəşr olunan ədəbiyyatların üzərində qurulub. İndi bizim yaşlı nəslin ingilis dilini bilməməsi və ya aşağı səviyyədə bilmələri yaxşı məqalələr hazırlamalarına mane olur. Orta nəsildə bu problem daha azdır. Amma yenə də var.
Bu baxımdan maddi məsələ deyəndə təkcə alimə əməkhaqqı verilməsindən danışmamalıyıq. Məsələn, ana dili ingilis dili olmayan birinin yazdığı məqalənin üzərində çalışmaq lazımdır ki, həmin məqalə elmmetrik bazalarda yerləşdirilən məqalələrin ingilis dili səviyyəsində olsun. Bu xidmət pulludur.
Bu kimi xidmətlərin də təmin olunması üçün alimə vəsait lazımdır. Digər tərəfdən alimlərimizin məqalələrinin açıq girişdə olması üçün də müəyyən ödəniş tələb edilir. Yaxşı jurnal hansısa məqaləni çap etdirmək üçün pul istəmir, amma bu kimi xidmətlərin geniş ictimaiyyətə çatdırılması ödənişlidir və belə olması da normaldır. Hədəfimiz odur ki, bu kimi xidmətləri alimlərimiz üçün əlçatan edək".