Lerikdə icra hakimiyyətinə məxsus AA seriyalı avtomobilin yoluna çıxaraq qəza törədən və güzgüsünü sındıran şəxs həbs edilib.
"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad kənd yolunda baş verib.
Belə ki, 1989-cu ildə Lerik rayonu, Sors kəndində anadan olmuş Cavid (şərti) idarə etdiyi "Niva" markalı avtomobili Əliabad kənd yolunda yüksək sürətlə idarə edib. Cavid avtomobili ilə Lerik Rayon İcra Hakimiyyətinə məxsus, AA seriyalı "Chevrolet" markalı maşının yoluna çıxıb. Hadisə nəticəsində ciddi qəza baş verməsə də, icra hakimiyyətinə məxsus avtomobilin güzgüsünü sındırıb.
Əldə etdiyimiz məlumata görə, AA seriyalı avtomobildə icra başçısının müavini olub. Belə ki, 15 may 2024-cü il tarixində Lerik RİH başçısı Əkbər Abbasov Boykəndil kəndində səyyar qəbul keçirib.
Rayon rəhbərliyinin vətəndaşlarla qəbulu bitdikdən sonra icra başçısının müavini "Chevrolet" markalı avtomobillə Lerik şəhərinə doğru hərəkətdə olarkən hadisə baş verib. "Niva" markalı avtomobilin sürücüsü yolun onlara aid hissəsində yüksək sürətlə hərəkət edib və manevretmə qaydasını pozaraq icra başçısının müavininin olduğu avtomobilin üzərinə gələrək, yan güzgüsünü sındırıb.
Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.