Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

"Unikal" xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

XXX

20:53

Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb.

Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib.

97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.

Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

XXX

20:01

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

"Unikal" xəbər verir ki, idmançımız finalda türkiyəli Mert İlbars ilə üz-üzə gəlib və rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki,  bunda əvvəl Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.