Ağstafa Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. 

"Unikal" xəbər verir ki, konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, yerli Şuranın üzvləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan hesabat konfransı işinə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Ulu Öndər Heydər Əliyev tərəfindən daim ağsaqqallara, ziyalılara verilən yüksək dəyərdən söz açaraq bildirib ki, bu ənənəni layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıbdır. Seymur Orucov konfransın işinə və şuranın gələcək fəaliyyətinə uğurlar, ağsaqqallara cansağlığı arzulayıb. 

Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Hüseynov, müavini Cəmaləddin Rzayev, şura üzvləri Vidadi Həsənov, Qurban Nəbiyev, Bayram Yusifov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon əhalisi, o cümlədən gənclərlə keçirdikləri tövsiyə xarakterli görüşlərdən, eləcə də ölkənin ictimai-siyasi həyatında ağsaqqalların rolundan söz açıblar. Təqdim olunan illik hesabata əsasən şuranın fəaliyyəti qənaətbəxş hesab olunub.

Ağstafa rayonunun ictimai-siyasi həyatında fərqləndiklərinə görə rayon ağsaqalları - Xanəhmədov Kərim Şükür oğlu, Yaqubov Şəmistan Çoban oğlu, Nəbiyev Qurban Həmid oğlu, Mehdiyev Nəriman Mehdixan oğlu və Rzayev Cəmaləddin Hidayət oğlu Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar. Onlar, ölkəmizdə ahıl yaşda olan vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasına, həmçinin ziyalılara, ağsaqqallara verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.