"Ermənistan hökuməti ilə İran İslam Respublikası arasında problem var və bu, göz qabağındadır".

"Unikal" xəbər verir ki, bunu “Vətən üçün Tavuş” hərəkatının liderlərindən biri, politoloq Suren Petrosyan deyib. 

Petrosyanın sözlərinə görə, Ermənistan-İran münasibətlərindəki maneələr üçüncü ölkələrdən asılı deyil, onların əksəriyyətini Ermənistan hakimiyyəti müəyyən edir: "Bu, strateji əhəmiyyətli məsələdir, çünki İran İslam Respublikası bizim üçün dost ölkədir, son dərəcə mühüm tərəfdaşdır, strateji əhəmiyyət kəsb edən dövlətdir. Bu problemlər tez zamanda aradan qaldırılmalıdır, lakin bizdə adekvat hökumət olduqda həll edilə bilər, o, əslində dövlətin nə olduğunu, dövlətin strateji marağının nə olduğunu biləcək".

Politoloqun qiymətləndirməsinə görə, İranın nitqi dəyişib, əvvəllər çox şeylər sətiraltı deyilirdisə, indi açıq-aşkardır: "İndi çox açıq şəkildə qeyd olunur: bunlar bizim qırmızı xətlərimizdir və bu, bizim tərəfin faktiki olaraq bu prosesi bütün aspektlərdə alt-üst etdiyindən xəbər verir. Ona görə də qarşı tərəf bu barədə danışmalı, sözünü deməlidir". 

Qeyd edək ki, mayın 22-də Tehranda Nikol Paşinyanla görüşündə Ayətullah Əli Xamenei bildirib ki, İranla Ermənistan arasında münasibətlərin düşmənləri var, ona görə də iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həyata keçirilməlidir.

Ağarza Elçinoğlu