“Gələcəyinin memarı ol” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupunun üzvləri Sumqayıt məktəbliləri ilə görüşüb. 

"Unikal" xəbər verir ki, AzMİU-nun təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşən görüşdə universitet təmsilçiləri yuxarı sinif şagirdlərinə AzMİU-da tədris mühiti,  onun üstünlükləri və perspektivləri, ali təhsil ocağında tələbələrə yaradılan şərait, iş və təcrübə imkanları, beynəlxalq əlaqələr, ikili diplom layihələri ətrafında dolğun və əhatəli informasiyalar verib, onların suallarını cavablandırıblar. 

Prorektor Orxan Naqdiyev gələcək tələbələrlə ünsiyyət zamanı yüksəkixtisaslı memarlar, inşaatçılar, mühəndislər yetişdirən AzMİU-ya qəbul qaydaları, ixtisasların gələcək karyera imkanlarından söhbət açıb. Ölkəmizdə aparılan sürətli tikinti-quruculuq işləri fonunda tələb görən bu ixtisaslara maraq göstərməyə səsləyib. 

İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili də çıxışlarında AzMİU-nu seçməyin məktəblilərə qazandıracağı üstünlükləri nəzərə çatdırıb, universitetin ixtisasları, fakültələri, təhsil imkanlarından bəhs ediblər. 

 AzMİU-nun tanıtım videoçarxı nümayiş olunub, Özfəaliyyət Klubunun üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub. 

Qeyd edək ki, ixtisas seçimində çətinlik çəkən şagirdlərə dəstək məqsədi daşıyan görüşlər paytaxt və bölgələrdə yaşayan məktəbliləri AzMİU barədə məlumatlandırmaq, universitetin ixtisaslarına marağı artırmaq, öz gələcək tələbələrini onlar arasından seçməyi hədəfləyir.