Ağstafa RİH başçısı Seymur Orucov sahibkarlarla görüş keçirib, rayonun ticarət, ictimai-iaşə və xidmət sahəsindəki mövcud vəziyyət, həmçinin istehlakçı məmnuniyyətinin təmin edilməsi müzakirə edilib

"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə rayonun aidiyyəti üzrə məsul şəxsləri, sahibkarlıq subyektləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına daim xüsusi diqqət yetirir.  Sahibkarlığın inkişaf etdirilməsi, dövlətimizin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə töhfə verir. Dövlətimiz tərəfindən bu sahədə yaradılan münbit şəraitdən və göstərilən yüksək dəstəkdən ağstafalı sahibkarlar da səmərəli istifadə etməli, iqtisadiyyatımızın inkişafına töhfə vermək onların da əsas vəzifələrindən biri olmalıdır. Qeyd olunub ki, sahibkarlıq fəaliyyəti dövlət standartlarına tam cavab verməli, sahibkarlar istehlakçı hüquqlarının qorunmasına həssaslıqla yanaşmalı, onların müraciətlərinə operativ reaksiya verməlidirlər. 

Görüşdə geniş məruzələrlə çıxış edənlər - Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu-KOB Dostu Cavid Adıgözəlov,  Sahibakarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ağstafa Şurasının sədri Vüqar Kərimov, ağstafalı iş adamı Elşad Vəliyev ölkəmizdə sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı,  investisiya və biznes mühitinin yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdən, sahibkarların fəaliyyətinin dövlət tərəfindən müdafiə olunması, milli sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, yerli istehsalçıların mənafeyinin xarici təsirlərdən qorunması və digər bu kimi  mühüm məsələlərdən söz açıblar.  

Sonra yerli sahibkarları maraqlandıran məqamlarla bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Ağstafalı sahibkarlar özəl sektora göstərilən yüksək dövlət qayğısı, eləcə də onların səmərəli fəaliyyətləri üçün yaradılmış münbit şərait və geniş imkanlar üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.