Bakı şəhər Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva, məktəbin iki müəllimi və 17 nəfər yuxarı sinif şagirdi Bakı Ali Neft Məktəbində olub.

"Unikal" xəbər verir ki, onlar Ali Məktəbin kampusunu gəzib, buradakı 600 nəfərlik Konqres zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, idman zalları, tələbə yeməkxanası, auditoriyalar, laboratoriyalarla tanış olublar.

Daha sonra BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova qonaqlarla görüşərək, Ali Məktəb haqqında məlumat verib. Şagirdlərin təhsil almaq istədikləri ixtisaslarla maraqlanan prorektor yüksək nəticələr əldə edəcəklərinə və BANM-i seçəcəklərinə inandığını bildirib. 

317 nömrəli məktəbin direktoru Leyla Əliyeva səmimi qarşılanmaya görə təşəkkür edərək Bakı Ali Neft Məktəbinin kampusu ilə tanışlığın şagirdlər üçün səmərəli olacağına inandığını qeyd edib.