"Təqdim edilmiş məlumatlara görə, 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb".
"Unikal" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, aparılan müzakirələr və təhlillər 2023-cü ilin dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir.
"Eyni zamanda, təqdim olunmuş sənədləri müzakirə edərkən, bu qənaətə gəlirik ki, büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün mövcud qanunvericilik bazasının təkmilləşməsinə və ya yeni, daha çevik büdcə alətlərinin yaradılmasına, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlıılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlərə xidmət edən texniki həllərin tətbiqinə ehtiyac vardır. Xüsusilə də, büdcə xərclərinin icrasının səmərlilik və nəticəlilik əsasında qiymətləndirilməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün daha çevik və yeni yanaşmalara ehtiyac vardır. Dövlət büdcəsinin icrası prosesində müşahidə olunan faktlar bu qənaəti daha da gücləndirir.
Sədrlik etdiyim komitə hesab edir ki, 2023-ci il üçün dövlət büdcəsinin icrası möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi subyektlərin dəstəklənməsi, müdafiə və təhükəsizlik tədbirlərinin görülməsi üçün lazımi maliyyə təminatı yaradıb və öz müsbət rolunu oynayıb. Qanun layihəsinə komitənin rəyi müsbətdir. Bunları nəzərə alaraq, dövlət başçısının təqdim etdiyi "2023-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini dəstəkləməyinizi xahiş edirəm".
Anar Kəlbiyev