Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

"Unikal" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən, hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq: Küləyin daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmağı tövsiyə edirik. İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq lazımdır. 
Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın".