Xəbər verdiyimiz kimi, SOCAR-ın İsrailə neft satması ilə bağlı son zamanlar sosial şəbəkələrdə məlumat yayılmaqdadır. 

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə "Unikal"a bildirib ki, bu kimi xəbərlərin tirajlanması münasibətlərə xələl gətirmək məqsədi güdür. M. Abbaszadə qeyd edib ki, dövlət şirkəti olan SOCAR-ın İsrailə neft satması xəbəri həqiqəti əks etdirmir, yalan və feyk xəbərdir:

"Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər. SOCAR-a qarşı aksiya Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən, anti-Azərbaycan qruplaşmalar tərəfindən aparılır. Məqsəd SOCAR-ı və bütövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır".

Deputat vurğulayıb ki, Azərbaycanın ən böyük şirkəti olan SOCAR ölkənin əsas brendidir. SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir:

"İnvestisiya layihələri sayəsində dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Çox da uzaq olmayan tarixi – 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir".

Ramil Zeynallı