Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Mühəndislik Universiteti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə abituriyentlərlə ümumşəhər görüşü keçirilib. 

"Unikal" xəbər verir ki, rayon üzrə müvafiq qruplara imtahan verən abituriyentlərin iştirak etdiyi görüşdə öncə şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca BMU haqqında tanıtım videosu nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Azərbaycanda dövlət səviyyəsində gənclərə göstərilən diqqət və qayğıdan, onların təhsil almaları üçün yaradılan əlverişli şəraitdən, bu istiqamətdə həyata keçirilən müxtəlif proqramlardan bəhs edib. 

İcra başçısının müavini tarixi Zəfərə imza atmış Azərbaycanın gələcək inkişafında gəncliyin üzərinə düşən vəzifələri vurğulayıb. Eyni zamanda qalib ölkənin vətəndaşları kimi həyatlarının ən gözəl dövrünə qədəm qoyan gəncliyin daha səylə çalışmalı olduğunu önə çəkərək, onların Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük bərpa-quruculuq işlərinə töhfə vermək üçün yüksəkixtisaslı kadrlar kimi yetişmələrinin vacibliyini bildirib. 

Bugünkü görüşün önəminə diqqət çəkən Gülnar Rəhimova çıxışının sonunda BMU-nun heyətini təqdim edib və abituriyentləri fəal olmağa, görüşdən maksimum bəhrələnməyə çağırıb.

BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə abutiriyentləri salamlayıb, onlara gələcək tələbə həyatında uğurlar arzulayıb. Prorektor Abşeron rayonu ərazisində yeganə ali təhsil müəssiəsi olan BMU-da tədris olunan və açılan yeni ixtisaslar, universitetin müasir maddi-texniki bazası, yeni istifadəyə verilən Kibertəhlükəsizlik və digər laboratoriyaları barədə abituriyentlərə ətraflı məlumat verib. İngilis dilində tədrisin üstünlük təşkil etdiyi BMU-da əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi formalaşmaq üçün müasir çağırışlarla ayaqlaşan geniş imkanların olduğunu bildirən Bayram Hüseynzadə eləcə də, universiteti bitirən məzunların işlə təminatı istiqamətində əldə olunan uğurlu nəticələrə diqqət çəkib. 

Prorektor BMU-da istedadlı tələbələrə verilən hərtərəfli dəstəkdən, bu istiqamətdə gerçəkləşdirilən layihələrdən, tələbə təşkilatları və klubların fəaliyyətindən, xüsusilə universitetdə nadir rast gəlinən rəhbər heyətlə tələbə arasındakı səmimi atmosferdən də danışıb. Bununla yanaşı, hazırda iki müasir yataqxanaya (oğlanlar və qızlar) malik BMU-nu seçməyin digər üstünlüklərinə toxunub. 

Sonda Bayram Hüseynzadə belə bir görüşün təşkilinə görə Abşeron rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra tədbirdə BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov, Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, Dizayn kafedrasının müdiri Vaqif Məmmədov, Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova ayrı-ayrı mövzularda təqdimatlarla çıxış ediblər.

İnteraktiv formatda davam edən görüşdə abituriyentlərin suallarına aydınlıq gətirilib, onlara BMU haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.