Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim edilib. 

"Unikal" xəbər verir ki, təqdimat mərasimində AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanova çıxış edərək olimpiada haqqında məlumat verib. Prorektor bildirib ki, fənn olimpiadaları materiallar müqaviməti, statika, inşaat mexanikası, riyaziyyat, fizika, ingilis dili (rus dili), informatika olmaqla 7 fənn üzrə keçirilib. Hər fənn üzrə müvafiq kafedraların müəllimləri tərəfindən olimpiadaya hazırlıq dərsləri keçirilib. Olimpiadalarda qalib gələn tələbələr pul mükafatı ilə mükafatlandırılıb. Belə ki, hər fənn üzrə I yerin qalibi 300 AZN, II yerin qalibi 200 AZN, III yerin qalibi isə 100 AZN qazanıb. 

AzMİU-nun Fizika və kimiya kafedrasının müəllimi dosent Hüseynağa Hüseynov, Mexanika və İnformasiya texnologiyaları fakültəsinin dekanı dosent Sabir Məmmədov, Mexanika kafedrasının müdiri dosent Ceyhun Musayev və Ali riyaziyyat kafedrasının müəllimi dosent Mehralı Əliyev çıxış edərək olimpiada, tələbələrin hazırlıq prosesi və nəticələrlə bağlı fikirlərini bildirib, təkliflər səsləndirdilər. 

Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmanquliyeva isə çıxışında yaradılan şərait və dəstək üçün tələbələr adından universitet rəhbərliyinə təşəkkürünü bildirib. 

Sonda rektor professor Gülçöhrə Məmmədova çıxış edərək olimpiadaların əhəmiyyətinə toxundu və qeyd etdi ki, qarşıdakı illərdə universitet tərəfindən respublika fənn olimpiadasının təşkil edilməsi hədəflənir: “İdmançıları fiziki hazırlığının səviyyəsini yüksəltmək üçün yarışlar, olimpiadalar təşkil olunduğu kimi, tələbələrin, tədqiqatçı gənclərin də zehni hazırlığının səviyyəsini yüksəltmək üçün yarışlar, olimpiadalar lazımdır. Əvvəllər universitetimizdə keçirilən fənn olimpiadalarına fasilə verilməsi bizi çox narahat edirdi. Sevindirici haldır ki, bu bilik yarışması yenidən təşkil olundu. Ümidvaram ki, növbəti illərdə bizim digər zəkalı tələbələrimiz də bu olimpiadada iştirak edəcək, onların sayı ilbəil artacaq, daha yüksək nəticələr toplayacaqlar Olimpiada bilikli və hazırlıqlı tələbələr üçün əlavə motivasiyadır. Hədəfimiz bu prosesi daha da kütləviləşdirmək və respublika fənn olimpiadasına çevirməkdir”. 

Qalib və iştirakçı tələbələri təbrik edən rektor onları bilikli və hazırlıqlı yoldaşlarını da bu prosesə cəlb etməyə səsləyib. 

Sonda tələbələrə diplomlar təqdim edilib və xatirə fotosu çəkilib.