Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin (ADNSU) və Balaxanı Əməliyyat Şirkətinin (BOC LTD) birgə tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində "Yaşıl Dünya Naminə Həmrəylik İlinin neft sənayesi qarşısında qoyduğu vəzifələr" adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin və Ulu Öndər Heydər Əliyevin, Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.           

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin rektor əvəzi, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əsgərov qonaqları salamlayaraq universitet-sənaye əməkdaşlığının dərinləşdirilməsinin universitetin qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb.

Daha sonra çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, COP 29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir. Bu cür təşəbbüslərin həyata keçirilməsi, yerli icmanın iqlim dəyişikliyinə qarşı mübarizəyə daha aktiv şəkildə qoşulmasına və COP 29-un məqsədlərinə dəstək verməsinə kömək edə bilər.

Yaşıl enerji layihələrinin, COP 29 kimi qlobal çağırışların əhəmiyyətindən danışan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, COP29-un layihə meneceri, müşavir Çingiz Məmmədov ölkəmizdə belə müasir çağırışlara cavab verən layihələrin reallaşdırılmasının yalnız enerji sahəsində deyil, neft sənayesi və elmi potensialın inkişafı istiqamətində də qarşıya mühüm vəzifələr qoyduğunu bildiriblər.

Daha sonra qonaqlar universitetdə təşkil olunan məzun-kariyera sərgisi ilə tanış olublar.