Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Beynəlxalq Qalereya ilə birgə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaq hüquqlarını qoru” adlı rəsm sərgisi təşkil edib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları 100 rəssamın müxtəlif növ mövzuları əhatə edən rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxış edərək bildiriblər ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib və onların icrası istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Sərgidə iştirak edən yeniyetmə rəssam Süsən Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. 

Çıxışlardan sonra müxtəlif yaş qruplarından olan rəssamlara diplomlar təqdim edilib.